Tanınmış həkim Naxçıvandakı səlahiyyətli nümayəndədən kömək istədi

  • 20:37 - 23 Yanvar

Əslən Naxçıvandan olan ictimai xadim, deputatlığa keçmiş namizəd, tanınmış həkim Səxavət Əlisoy Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında (MR) səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edib.

Avropa.info xəbər verir ki, Səxavət Əlisoy Prezidentin səlahiyyətli nümayəndəsindən 2010-cu ildə Naxçıvan MR-də baş vermiş bir hadisənin - ailə üzvlərinə qarşı törədilmiş zorakılığın araşdırılması üçün kömək istəyib.

Onun müraciətində deyilir:

“Hörmətli cənab Fuad Nəcəfli!

Öncə, Sizi bu vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edir, obyektiv və ədalətli fəaliyyətinizlə ölkə Prezidentinin etimadını doğruldacağınıza inandığımı bildirirəm.

Cənab səlahiyyətli nümayəndə, xatırladıram ki, 2010-cu ilin 7 noyabr parlament seçkilərində AXCP-Müsavat Seçki blokunun vahid namizədi olaraq 2 saylı Şərur seçki dairəsində deputatlığa namizəd kimi iştirak etmişəm. Obyektivlik naminə qeyd etmək istəyirəm ki, seçki prosesində namizəd olaraq şəxsimə qarşı heç bir təzyiq və qeyri-etik hərəkətlər təzahür etmədi.

Lakin seçkidən sonra 2010-cu il noyabr ayının 7-də parlament seçkilərində vəkilim olmuş kiçik qardaşım Sabit Əlisoy qondarma ittihamlarla Şərur rayon polis şöbəsinə aparılmış, yeddi gün məhkəmənin qərarı olmadan şöbədə saxlanılmış və orada işgəncələrə məruz qalmışdır. Yalnız hüquq müdafiəçilərinin və ATƏT-in Bakı ofisinin müdaxiləsindən sonra azadlığa buraxılmışdır.

2010-cu il dekabr ayının 10-da (Beynəlxalq İnsan haqlarının müdafiəsi günündə) Şərur rayon polis şöbəsinin rəisi Məmməd Hüseynov, İbadullah polis bölməsinin rəisi Əhməd Təhməzov 20-dən artıq polis əməkdaşı və Püsyan kənd icra nümayəndəsinin müavini Amil Əbilovun müşayiəti ilə doğulduğum evi mühasirəyə almış, özləri ilə gətirdikləri buldozerlə evin bir qismində fəaliyyət göstərən qardaşım Çapay Əlisoya məxsus dükanı dağıtmışlar.

Bu hərəkətə etiraz edən qardaşım Çapay Əlisoy huşunu itirənədək rəis Məmməd Hüseynov tərəfindən döyülmüşdür.

Səs-küyə gələn 60 yaşlı bacımı, iki əmim qızını və bacım oğlunu rəis Məmməd Hüseynov və bölmə rəisi Əhməd Təhməzov vəhşicəsinə döyüb. Sonra polis rəisləri kənd mollası olan bacımın həyat yoldaşını yas mərasimdən Amil Əbilov vasitəsilə gətizdirib Məscidin həyətində döyüblər.

Və ən sonda qardaşım Çapay Əlisoya məxsus dükandakı malları gətirdikləri yük maşınına yükləyib aparıblar.

Xəsarət almış 6 nəfər ailə üzvümə təcili yardım çağrılıb. Həkim xəsarət alanlara ilk yardım göstərib, qardaşım və əmim qızının vəziyyəti ağır olduğu üçün onları Şərur rayon Mərkəzi xəstəxanasına hospitalizasiya etmək istəyib. Ancaq polis rəisinin zəngindən sonra hospitalizasiyadan imtina edib.

Polis rəisinin göstərişi ilə 20 gün xəsarət alanların yaşayış yerini tərk etməməsi üçün evin yaxınlığında kənd icra nümayəndəsi Amil Əbilovun və digər könüllülərin iştirakı ilə polis postu qoyulub.

Qohumların, jurnalistlərin, hüquq mühafizəçilərinin evə gedib xəsarət alanlara baş çəkməsinə, onlara dərman aparılmasına icazə verilməyib”.

Səxavət Əlisoy bildirib ki, polis rəislərinin törətdikləri vəhşiliklə əlaqədar Muxtar Respublikanın və Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının rəhbərlərinə etdiyi müraciətlərə heç bir cavab verilməyib:

“ATƏT-in Bakı Ofisinin rəhbəri və ABŞ səfirinin siyasi müşaviri bu olayla ilgili Naxçıvana getdilər, MR rəhbəri və xəsarət almış ailə üzvlərimlə görüşdülər.

Yalnız bundan sonra ailə üzvlərimin müalicəsi mümkün oldu. İki qardaşım Azərbaycanı tərk etmək məcburiyyətində qaldı.

Hörmətli səlahiyyətli nümayəndə. 12 ildir qüruru zədələnmiş bir ailə olaraq, ədalətin bərqərar olacağı günü gözləmişik.

Mən dövlətimizə, dövlətçiliyimizə sayğı əlaməti olaraq, ailəmizə qarşı törədilmiş bu cinayətin cəzasının Avropa Məhkəməsində deyil, Azərbaycanda verilməsini istədim.

Ailəmizin düçar olduğu bu vəhşiliyin obyektiv araşdırılması, cinayəti törədənlərin aşkar olub məsuliyyətə cəlb edilməsi üçün göstəriş vermənizi ailəmiz adından Sizdən xahiş edirəm.

Cənab səlahiyyətli nümayəndə, xahiş edirəm ki, baş verənlər barədə Sizi təfərrüatlı məlumatlandırmaq üçün məni qəbul edəsiniz”.


Oxunma sayı: 683

Oxşar yazılar