Naxçıvanın muxtariyyət statusu müasir siyasi proseslər kontekstində: Moskva və Qars müqavilələri ətrafında formalaşmış 3 yanlış fikir - TƏHLİL

  • 10:08 - 05 Dekabr

Bu gün Naxçıvan Muxtar Respublikasında baş verən hadisələrin ölkə ictimaiyyətinin diqqətini ən çox cəlb etdiyi məsələ olduğunu desək, yanılmarıq. Əlbəttə, muxtar respublikada cərəyan edən proseslər bölgə rəhbərliyinin uzun illər həyata keçirdiyi siyasət, idarəçilik metodları ilə bilavasitə bağlıdır və ayrıca söhbətin mövzusudur. Bununla yanaşı, muxtar respublikada mövcud problemlərin bir çoxu bölgənin siyasi-inzibati statusu ilə bağlı olub, kökləri 100 il bundan əvvəl Cənubi Qafqaz regionunda baş vermiş hadisələrə gedib çıxır.

Yaranmış vəziyyət bir daha Naxçıvanın muxtariyyət statusunun elmi, ictimai müzakirələr mövzusuna çevrilməsini zəruri edir. Bu məsələlərə həsr edilmiş ayrıca məqalə üzərində işləyirəm. Hələlik isə məsələ ilə ağlı bəzi mülahizələrimi bölüşmək istəyirəm.

Əsas diskussiyalar baş verən hadisələr fonunda muxtariyyət statusunun indiki formada saxlanılması və ya dəyişilməsi ətrafında gedir. Dərhal öz mövqeyimi bildirim: mən Naxçıvanın indiki muxtar statusunun saxlanılmasının tərəfdarı deyiləm. Özü də bu mövqeyimi mən artıq 30 ildir ki, ifadə edirəm və mənim bu mövqeyim indiki hadisələrlə qətiyyən bağlı deyildir.

Naxçıvanın muxtar respublika formasında statusunun saxlanılması tərəfdarları bu statusun guya beynəlxalq müqavilələrlə təsbit edildiyini və bu statusu dəyişməyin mümkün olmadığını iddia edirlər. Bu zaman onların əsas istinad nöqtələri 1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələridir.

Ümumiyyətlə, son 30 ildə bizdə ictimai rəydə, tarixşünaslıqda bu müqavilələr ətrafında sanki bir ehkam, mif formalaşmışdır. Bu isə öz növbəsində ən azı 3 yanlış fikir yaratmışdır:

Birinci yanlış – Moskva və Qars müqavilələrində Naxçıvanın muxtar statusu (respublika formasında) qəti olaraq öz əksini tapmışdır.

Yumşaq desək, bu tarixi faktın və mənbənin saxtalaşdırılmasıdır. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində Naxçıvan bölgəsi “muxtar ərazi” (müqavilənin tərtib olunduğu türk dilindəki mətndə “özerk ülke”, rus dilindəki mətndə “автономная территория”) kimi qeyd olunur. Müqavilələrdə bu ərazidə konkret hansı muxtariyyət formasının tətbiq olunacağı qeyd olunmur. Dünyada muxtar ərazi statusunun ən müxtəlif növləri (xüsusi ərazi, muxtar qurum və s.) mövcuddur. Yanılmıramsa, muxtariyyətin respublika forması yalnız keçmiş SSRİ-də gerçəkləşdirilmişdir. Yeri gəlmişkən, Naxçıvan öz tarixi ərzində muxtariyyətin ən müxtəlif formalarını (muxtar vilayət, sovet sosialist respublikası, muxtar sovet sosialist respublikası, muxtar respublika) yaşamışdır.

İkinci yanlış – Moskva və Qars müqavilələri ilə Naxçıvanın muxtar status əldə etməsi Azərbaycan üçün böyük tarixi nailiyyət, tarix hadisədir.

Bu doğrudanmı belədir? Əslində muxtariyyət nə deməkdir. Muxtariyyət dövlətin müəyyən ərazisinin xüsusi statusa malik olması və ya müvafiq statusa malik ərazi vahididir. Bu isə həmin ərazinin, daxil olduğu dövlətin hüquq və səlahiyyətlərindən kənarda öz daxili problemlərini müstəqil həll etmək hüququnu nəzərdə tutur. Bu anlayış özündə yerli (regional) özünüidarəetməni ehtiva edir. Muxtariyyət anlayışı uzun müddət suverenlik və müstəqillik anlayışları ilə assosiasiya olunmuşdur. Beynəlxalq nəzəriyyədə ənənəvi olaraq hər hansı xarici hakimiyyətə tabe olmayan dövlətlər muxtar dövlətlər adlanırdılar. Başqa sözlə, muxtariyyət nisbi müstəqillik anlamında başa düşülürdü.

Məlumdur ki, Azərbaycan konstitusiyaya görə unitar dövlətdir. Düzdür, hazırda dünyada bir çox unitar dövlətlərin (İtaliya, İspaniya, Portuqaliya, Çin, Danimarka, Finlandiya, Böyük Britaniya və s.) də daxilində muxtar ərazilər mövcuddur. Lakin onların mütləq əksəriyyəti ümumi deyil, spesifik, yəni milli-ərazi xarakter daşıyırlar. Naxçıvanın muxtariyyəti isə sırf siyasi-ərazi muxtariyyətidir.

Bu baxımdan XX əsrin 20-ci illərin əvvəllərində Naxçıvana muxtariyyət statusunun verilməsi əslində Azərbaycanın bu tarixi ərazisinə öz suveren hüquqlarının nəhdudlaşdırılması demək idi. Daha bunun nəyi tarixi nailiyyət oldu? Tarixi nailiyyət həmin müqavilələrdə Naxçıvanın Azərbaycanın ayrılmaz ərazisi kimi tanınması olardı. Düzdür bəziləri mənim bu fikrimə etiraz edərək müqavilələrdə Naxçıvanın muxtariyyət statusu haqqında bəndin öz əksini tapmasını kompromis kimi qəbul edirlər. Əgər bu belədirsə bunu açıq etiraf etsinlər. Biz isə uzun müddətdir hətta, Naxçıvan MSSR-in yaradılması yubileylərini belə bayram kimi qəbul edirik.

Azərbaycanın Naxçıvan üzərində suverenliyinin təmin edilməsində Mustafa Kamalın, Kazım Qarabəkirin, Türkiyənin digər siyasi-hərbi rəhbərlərnin müstəsna xidmətləri vardır. Onların apardıqları gərgin mübarizə sayəsində bolşeviklər tərəfindən Şərur-Dərələyəz qəzasının Ermənistana verilməsi nəzərdə tutulan bir hissəsi (Sədərək kəndi ilə Arazdəyən arasındakı kiçik ərazi – Qurd qapısı rayonu) Naxçıvana qaytarılaraq diyarın Türkiyə ilə ümumi sərhədi yaradılmışdı. Türkiyənin inadlı mövqeyi ilə rastlaşan Rusiya sovet hökuməti 16 mart 1921-ci il Moskva müqaviləsinə Naxçıvan ilə bağlı xüsusi bəndin salınmasına razılıq verməyə məcbur olmuşdu. Yalnız bundan sonra Türk qoşunları Naxçıvan ərazisini tərk etmişdilər. Türk qoşunları regionu tərk etməmişdən əvvəl burada ərazinin nənsubluğu ilə bağlı keçirilmiş rəy sorğusunda əhalinin 90% Naxçıvan diyarının Azərbaycanın tərkibinə daxil olması təklifini dəstəkləmişdi.

Həmin ilin oktyabrın 13-də bağlanmış Qars müqaviləsi isə Moskva müqaviləsinin Naxçıvanla bağlanmış müddəasını olduğu kimi təsdiqləmişdi.

Moskva və Qars müqavilələrinin Naxçıvanla bağlı maddələrinə İran tarixçiləri də özünəməxsus şərh verirlər. Onların iddialarına görə guya müqavilələrdə göstərilmiş Yuxarı Qarasu ilə Araz çayı arasında ərazi (indi Türkiyəni Naxçıvanla birləşdirən dar dəhliz) İrana məxsus idi və XVIII əsrin xəritələrində Maku vilayətinin bir hissəsi kimi göstərilmişdi. Onlar bu ərazinin 1828-ci ildə Rusiyaya verildiyini iddia edirlər. Sonralar guya İran Türkiyə ilə sərhədlərin müəyyənləşdirilməsi məqsədilə apardığı danışıqlarda bu zolağı qaytarmağa cəhd göstərsə də buna nail olmamışdı. Ermənilər də Moskva və Qars müqavilələrinin hüquqi əsasının olmadığını sübut etmək üçün İran tarixşünaslığının bu tezisindən istifadə edirlər. Bunu erməni siyasi xadimlərinin Moskva müqaviləsinin 100 illiyi ilə bağlı dünya liderlərinə müraciəti də təsdiq edir (Bax: “Обращение к мировым лидерам о политической и правовой оценке 100-летнего пакта Ленин-Ататюрк (Московский договор от 16 марта 1921 года) и признании его недействующим на территории России в части государства Армения” 16 марта 2021 год ttps://nt.am/ru/news/298233/). Bu fakt Ermənistanla İranın Azərbaycana, Naxçıvana, Türkiyəyə qarşı çoxillik birgə fəaliyyətinin daha bir sübutudur.

Düzdür, Naxçıvan əhalisinin inadlı müqaviməti, N.Nərimanov başda olmaqla Azərbaycanın sovet rəhbərliyinin və Mustafa Kamalın başçılıq etdiyi Türkiyənin yeni hökumətinin səyləri nəticəsində (məhz onların qətiyyəti mövqeyinin nəticəsi idi ki, qeyd olunan maddələrdə Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edən şərt – “Azərbaycanın Naxçıvan vilayətinə himayəsinin heç bir üçüncü dövlətə güzəştə getməməsi” şərti öz əksini tapmışdı – K.İ.) ermənilər öz məqsədlərinə nail olmasalar da, sonuncular müqavilələrin bağlanmasından ötən müddət ərzində Naxçıvanla bağlı iddialarından heç vaxt əl çəkməmişlər.

Yeri gəlmişkən, erməni tarixşünaslığı və rəsmi ideologiyası 1921-ci ildə Naxçıvana muxtariyyət verilməsini ermənilərin kiçik uğuru kimi dəyərləndirirlər. Ermənilər iddia edirlər ki, türk-bolşevik işbirliyi nəticəsində imzalanmış Moskva və Qars müqavilələri Naxçıvanın “öz ana vətəni”ndən – Ermənistandan qoparılaraq Azərbaycana verilməsini rəsmiləşdirmişdi. Lakin həmin müqavilələrdə Naxçıvanın Azərbaycanın himayəçiliyi altında  (tərkibində deyil – K.İ) da olsa muxtariyyət qazanmasını ermənilər məhz onlara edilən güzəşt kimi qəbul edərək bu muxtariyyətin diyarın erməni əhalisinə şamil edildiyini bildirirlər. Ermənilər o vaxt ümid edirdilər ki, 1918-1920-ci illərdə Naxçıvanı hərbi yolla ələ keçirə bilməsələr də gələcəkdə bu məqsədlərinə siyasi yolla nail olacaqlar. 20-30-cu illərdə regionun erməni əhalisini incik salmamaq, hətta onları şirnikləndirmək üçün müəyyən tədbirlər də həyata keçirilmiş, onların mədəni-maarif ehtiyacların ödənilməsi, hakimiyyət strukturlarında təmsil olunmaları üçün kvotalar müəyyənləşdirilmişdi. Yeri gəlmişkən, həmin illərdə Naxçıvanın bayrağında muxtariyyətin adı Azərbaycan dili ilə yanaşı erməni dilində də həkk olunurdu. Bu müddəa Naxçıvan MSSR-in 1937-ci ildə qəbul edilmiş Konstitusiyasının muxtar respublikanın bayrağının təsvir olunduğu 112-ci maddəsində öz əksini tapmışdı. Yalnız 1938-ci il avqustun 25-dı (digər mənbəyə görə 1939-cu il iyulun 28-də) bayrağın üzərində erməni dilində yazılmış yazıdan imtina olunmuşdu. MR-nın 1939-cu ildə nəşr edilmiş konstitusiyasından bayrağın təsvirində erməni dilində “Naxçıvan MSSR” yazısı çıxaılmışdı.

Üçüncü yanlış – Naxçıvanın muxtariyyət statusu beynəlxalq müqavilələrlə (Moskva və Qars müqavilələri nəzərdə tutulur) təsbit edildiyindən bu statusu dəyişdirmək və ya ləğv etmək mümkün deyil.

Əvvəla, yuxarıda qeyd edildiyi kimi, öz tarixi ərzində Naxçıvanın muxtariyyət adı bir neçə dəfə dəyişilmişdir.

1924-cü ildə muxtar respublikaya çevrilənə qədər Naxçıvan SSR müstəqil dövlətə mənsub müəyyən atributlara malik idi. Naxçıvanın Türkiyədə, Ermənistanda, Gürcüstanda, İranda, Bakıda konsulluq və nümayəndəlikləri fəaliyyət göstərirdi.

1923-cü ilin fevralında III Ümumnaxçıvan Sovetlər qurultayı diyarın Azərbaycan SSR-ə daxil olması haqında qərar qəbul etmiş, həmin ilin 16 iyununda Azərbaycan SSR MİK bu qərarı təsdiqləmişdi. Türkiyə dövləti bu qərarları etirazla qarşılamış, onların Moskva və Qars müqavilələrimə zidd olması haqqında hətta RSFSR və Azərbaycan SSR hökumətlərinə 25 iyun 1923-cü il tarixində nota göndərmişdi. Əslində formal olaraq Türkiyə tərəfi haqlı idi. Çünki bu qərarlar həmin müqavilələrin hərfinə (ruhuna yox) zidd idi. Çünki, vurğulandığı kimi, Moskva və Qars müqavilələrində Naxçıvan muxtariyyəti çox təəssüf ki, Azərbaycanın tərkibində deyil, onun himayəsi altında təsbit edilirdi. Buna görə də Azərbaycan MİK Rəyasət Heyəti  öz qərarına yenidən baxmalı olmuş, və 1924-cü il fevralın 24-də Naxçıvan diyarının  (Naxçıvan SSR-nin) Azərbaycan SSR-nin himayəsi altında Naxçıvan Muxtar Sovet Respublikasına çevrilməsi haqqında yeni qərar qəbul etməli olmuşdu. Naxçıvan MSSR-nin yaradılması rəsmən bu tarixdən götürülsə də, həmin tarixdən sonra da bir çox rəsmi sənəddə (məsələn, Naxçıvanın 1926-cı ildə qəbul edilmiş konstitusiyasında) regionun adında “Sovet Sosialist Respublikası” sözləri işlədilirdi. Bütün bunlar təsdiq edir ki, Naxçıvanın muxtar ərazi kimi elan edilməsindən sonra onun statusu bir neçə dəfə dəyişikliyə uğramışdır.

Ən başlıcası, söhbət Naxçıvanın statusunun ləğv edilməsindən deyil (hərçənd ki, bunun baş verəcəyi halda hansısa hüquqi kazus, presedent və ya beynəlxalq skandal yaranacağı haqda iddialar əsassızdır –K.İ.), bu statusun muxtar respublika, muxtar dövlət formasında mövcudluğundan gedir. Məgər, muxtariyyət statusu hökmən muxtar respublika formasında olmalıdır? Yuxarıda qeyd etdiyim kimi, dünyada muxtariyyətin müxtəlif forma və növləri var. Məsələn, Moldova Respublikasının tərkibində Qaqauziya xüsusi hüquqi statusa malikdir. Unitar dövlət olan İspaniya 17 muxtar respublikaya deyil, muxtar icmaya (vilayətə) (ispanca: comunidad autónoma) bölünür. Müttəfiq respublika, muxtar respublika, muxtar vilayət kimi formalar sovet milli-dövlət quruculuğu sisteminin qalığıdır. Biz sovetin bir çox əcaib təcrübələrindən çoxdan imtina etsək də bu təcrübədən hələ də möhkəm yapışmışıq.

Nəzərə almaq lazımdır ki, Naxçıvan əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir və Azərbaycan Respublikasından ayrılmaqla bağlı fikirlər onların ağıllarına belə gəlmir. Bölgədə heç vaxt separatçı meyllər olmayıb, olmayacaq da. Ona görə də sakitliklə Naxçıvanın muxtariyyət statusuna yenidən baxmaq olar.

Nə etməli? İlk növbədə konstitusiya və inzibati-ərazi islahatları aparılaraq Naxçıvan muxtariyyətinin respublika forması ləğv edilməli, muxtariyyətin digər, daha aşağı formalarından biri tətbiq edilməlidir.

Naxçıvanın mürəkkəb geosiyasi vəziyyətini nəzərə alaraq mən “Naxçıvan Xüsusi (Özəl) Bölgəsi” adını təklif edirəm. Heç Naxçıvan üçün ayrıca konstitusiyaya da ehtiyac yoxdur. Onun statusunu xüsusi qanunla və ya əsasnamə ilə də müəyyənləşdirmək olar. Bir dövlətdə bir konstitusiya olar. Azərbaycan Respublikasının Konstitusiyasının 134-cü maddəsinə görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir və onun statusu da bu Konstitusiya ilə müəyyən edilir. Heç dövlət içində dövlət, respublika içində də respublika olar? Məsələn, Qaqauziyanın hüquqi vəziyyəti Moldova Respublikasının “Qaqauziyanın xüsusi statusu haqqında” qanunu ilə tənzimlənir. Qanunda Qaqauziya “xüsusi statuslu ərazi-muxtar qurum” kimi  müəyyənləşir.

Naxçıvanın mövcud statusu dövlətimizin siyasi-ərazi təşkilini də mürəkkəbləşdirir, müəyyən asimmetriklik yaradır.

Əslində, muxtar respublika formasında status nə bölgənin özünüidarəetmə hüquqlarının, nə də orada yaşayan vətəndaşların hüquqlarının genişlənməsinə hər hansı şəkildə müsbət təsir göstərmir. Bunu bölgədəki vəziyyətlə bağlı mətbuatda gedən yazılar da təsdiq edir.

Muxtar respublikada hakimiyyətin bölgüsü prinsipi də çox qəribə formada həyata keçirilir. Azərbaycan Respublikasında (eləcə də əksər dövlətlərdə) icra hakimiyyəti ali vəzifəli şəxs olan Prezidentə mənsub olsa da Naxçıvanda qanunvericilik hakimiyyətinin başçısı ali vəzifəli şəxs sayılır. O, faktik olaraq həm qanunvericilik hakimiyyətinə, həm də icra hakimiyyətinə rəhbərlik edir.

Muxtar respublikada icra hakimiyyəti strukturlarına da yenidən baxılmalı, mövcud reallıqlara uyğunlaşdırılmalı, idarəetməni optimallaşdırmaq üçün daha çevik mexanizmlər tətbiq edilməlidir. Hazırda isə Azərbaycan Respublikası hökumətinin - Nazirlər Kabinetin tərkibi və strukturu azacıq istisnalarla Naxçıvanda da kopyalanıbdır. Rəsmi statistikaya görə 462.960 min əhalisi olan Naxçıvan MR Nazirlər Kabinetinin tərkibinə 13 nazirlik, 4 komitə, 7 dövlət xidməti, 2 agentlik, 1 departament daxildir. Bu baxımdan dövlət başçısının Naxçıvanda DTX-nın və Gömrük Komitəsinin ləğv edilməsi haqqında məlum sərəncamları hamı tərəfindən rəğbətlə qarşılanmış və bu istiqamətdə yeni qərarların qəbul edilməsinə ümidlər də böyükdür. Faktik olaraq iki dövlət teleradio kanalının və bir dövlət qəzetinin (müstəqil KİV-lər ümumiyyətlə yoxdur) fəaliyyət göstərdiyi regionda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Televiziya və Radio Şurası kimi qurumlar mövcuddur.

Zəruriliyi şübhə doğurmayan məsələlərdən biri də muxtar respublikanın inzibati-ərazi quruluşunda dəyişikliklərin aparılmasıdır. Yeri gəlmişkən, Azərbaycanda inzibati-ərazi islahatının həyata keçirilməsi günümüzün ən aktual məsələlərindən biridir. Bəzi istisnalar olmaqla əksər postsovet ölkələri sovet dövrünün rayonlaşma prinsipindən çoxdan imtina ediblər. Bu kontekstdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 07 iyul 2021-ci il tarixli Fərmanı mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, həmin sənədə əsaslanaraq Azərbaycan Respublikasının həm də yeni inzibati- ərazi bölgüsü aparılmalıdır. Bu həm bürokratiyanın, əlavə xərclərin azalmasına, idarəçiliyin effektivliyinin artmasına, həm də xalqımızın mənəvi birliyinin möhkəmlənməsinə, cılız yerliçilk təzahürlərinin aradan qaldırılmasına kömək edəcəkdir.

Ərazisi cəmi 5.502.75 km² təşkil edən Naxçıvan MR-ı yeddi rayondan təşkil olunubdur. 1990-cı ildə yaradılmış Sədərək rayonu cəmi 4 kənd yaşayış məntəqəsindən ibarətdir. Bu fakt əslində Ginnesin rekordlar kitabına düşməli faktdır. Bu azmış kimi, 2004-cü ildə 10 kənd yaşayış məntəqəsindən ibarət əlavə inzibati-ərazi vahidi – Kəngərli rayonu da yaradılıbdır.

Bununla kifayətlənməyərək rayonların tərkibinə daxil olan ərazi vahidlərini də kiçildiblər. İndi muxtar respublikada 203 kənd yaşayış məntəqəsinin daxil olduğu 157 kənd inzibati ərazi dairəsi (təqribən 0.77 əmsal) mövcuddur. Hər inzibati ərazi dairəsinin öz icra nümayəndəliyi, bələdiyyəsi fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, Naxçıvanda kəndlər arasında məsafə çox qısadır, bəzən iki qonşu kəndin sərhədini belə müəyyənləşdirmək mümkün deyildi.

Razılaşmaq lazımdır ki, bütün bu rəqəmlər büdcəsi 75-80 faiz Azərbaycan dövlətinin ayırdığı dotasiya hesabına formalaşan bölgə üçün böyük təmtəraqdır. (rəqəmlər rəsmi portaldan - http://www.nakhchivan.az/portal-1/index-2.htm götürülmüşdür)

1920-ci illərin II yarısında Azərbaycan SSR-də keçmiş qəzaların yerinə sahəsinə görə nisbətən kiçik ərazi vahidləri – dairələr və daha sonra rayonlar təşkil olunarkən idarəetmənin asanlaşdırılması, əhalinin rahatlığının təmin edilməsi, necə deyərlər, hakimiyyət orqanları ilə xalq arasında sədlərin aradan qaldırılması məqsədləri güdülürdü. O zaman əsas nəqliyyat vasitəsi at, eşşək, öküz arabası sayılırdı. İndi, nəqliyyat –kommunikasiya və elektron vasitələrinin inkişaf etdiyi, rəqəmsallaşmanın, e-hökumət və s. geniş tətbiq edildiyi bir zamanda, rayon mərkəzləri arasında məsafənin maksimum 20-25 km olduğu muxtar respublikada bu sayda rayona nə ehtiyac var? Məncə, gələcəkdə ölkədə aparılacaq inzibati-ərazi islahatı kontekstində Naxçıvanda bütün rayonlar ləğv edilməli və vahid inzibati-əraziyə malik Naxçıvan Xüsusi (Özəl) Bölgəsi təşkil olunmalıdır. Ya da səkkiz rayonun əvəzinə minimum dörd inzibati-ərazi vahidi – Şərur, Naxçıvan (Babək), Ordubad rayonları (sovetdən qalma bu termindən də imtina etmək lazımdır – K.İ) və Naxçıvan şəhəri təşkil oluna bilər. Əslində, bu bölgü regionun tarixi xüsusiyyətlərinə də uyğundur.

Kamran İsmayılov, tarixçi
Avropa.info


Oxunma sayı: 35982

Oxşar yazılar