Heç nədən inciməyən yazıçı: Həmin göygöz, sarışın Əlisa Nicat – MÖVQE

  • 12:17 - 02 Dekabr

Əlisa Nicat Azərbaycan yazıçısı ola bilmədi. Bu xarakterlə, bu uşaq saflığı ilə ola da bilməzdi. Azərbaycan yazıçısı olmaq üçün mütləq kostyum geyinməli idi. Bədəninə də, mənəviyyatına da. Azərbaycan yazıçısı istedadlı oldu, ya olmadı kostyumda olub həmişə. Bəlkə də nəsr ədəbiyyatının sovet dönəmində daha çox formalaşdığı üçün. Görünür, kostyum geyinəndə için üçün də nəsə geyinməlisən. O kostyumdan çıxanda və kostyumda olduğunu unudanda Azərbaycan yazıçısı əlifini çaşır. Məsələn, Əkrəm Əylislinin kostyumu əyninə dar gəldi. (İzaha ehtiyac varmı?) İsa Hüseynov kostyumunu dəyişmək istədi, əsərlərinə təzədən dəyikliklər etdi, Anar illərlə kostyumun birini geyindi, birini soyundu. Amma nə kostyumda qalmağı sevdi, nə də birdəfəlik soyunub bir qırağa tullamağa cürət etdi. Ona görə də Əlisa Nicatı ənənəvi Azərbaycan yazıçısı statusunda görməyəndə hamı eyməndi.

Hardasa 20 il əvvəl Əlisa Nicat bir hadisə danışdı mənə. O yeniyetmə olanda Lənkərana güclü sel gəlir. Təbii ki, o hadisəni yazıçı kimi özünəməxsus şəkildə təsvir edirdi. Amma bir yerə gələndə "balaca bir qız selin içində əlini belə-belə eləyirdi. Sel apardı" dedi. Və bu mənzərəni həm sözlə, həm əlləri ilə deyən ahıl yaşlı Əlisa Nicat deyildi. Elə o qızın yaşıdı 10-12 yaşlı göygöz, sarışın Əlisa idi. Və sonrakı dostluğumuzda da Əlisa Nicat həmin göygöz, sarışın Əlisa idi.

Mübahisələrimiz də olurdu. Mircəfər Bağırov Əlisa Nicatın kumiridir. Yüksək intellektə malik bir yazıçının bilərəkdən, ya bilmərəkdən əli minlərlə insanın qanına batmış bir ziddiyətli tarixi fiquru sevməsi də həmin uşağın "günahı" hesab eləmişəm həmişə. Aramızda Stalini də sevən olub, Topal Teymuru da. Əslində, Azərbaycan yazıçısı olmağa qoymayan o uşaq Əlisa Nicatı bugünkü Əlisa Nicat elədi. Nə yaxşı ki, elədi. Deyəsən, uşaq şairi və sovet pedaqogikasının bilicisi Zahid Xəlil demişdi ki, insanlar böyüdükcə sevgi, humanizm qazanmır. Sadəcə, uşaqlıqdan nə qədər sevgi, humanizm saxlaya bilirsə o qədər humanist olurlar. Əlisa Nicatda da qəribə bir sevgi işığı görmüşəm həmişə. Bu insan həyatda heç nədən incimir elə bil. Bəlkə də inciyir amma uşaq saflığı ilə unudur.

Neçə dəfə niyə sətiraltı yazdığını soruşsam da gizlədir. Sonuncu dəfə görüşümüzdə nə qədər dolayı yollarla cəhd eləsəm də heç nə əldə edə bilmədim. Yeniyetmə yaşından 1940-1950-ci illər sovet KQB-sinin xofu hələ də canında qalıb. Bir uşaq qorxusu qalıb. Amma qəribə odur ki, qorxsa da qorxaq olmayıb Əlisa Nicat. Qorxsa idi o da kostyum geyinərdi. Azad düşüncəli əsərlər yazmazdı. Dünyanın dərin gərdişini 10 cümləlik, amma nəhəng pritçalar yazmazdı.

Həmişə o uşaq yazıçı Əlisa Nicatın içindədir. Daha doğrusu, bu istedadlı yazıçı həmin uşaqdır. Orta statistik Azərbaycan insanı yazıçını belə görməsi bəlkə də yaxşıdır. Həm səksənir, həm də yaxşı-pis içində humanizm fermentinin ölmədiyini ortaya çıxarır. (Bəli, təkcə Əlisa Nicat yox, "qara qızıl"ın vətənində heç kim üşüməməlidir. Həm fiziki, həm də mənəvi.) Və Azərbaycanın insanı da bilməlidir ki, belə yazıçı da olur. Daha doğrusu, yazıçı belə olur.

Orta statistik azərbaycanlının bu azad yazıçıya bərəlmiş gözlərlə baxmasını Əlisa Nicat ümumiyyətlə anlamır. O fikirləşir ki, bir yazıçının işi yazmaqdır da. Bir az varlı, bir az kasıb. Düzdür, bizim toplum bunu həzm eləmir. Daha doğrusu, həzm eləmək istəmir. Amma bu nəhəng məlumat bazasına, yüksək intellektə malik yazıçının eyninə deyil. Saymamazlıq eləmir. Sadəcə, adam özüdür. Özü kimi yaşayır, özü kimi yazır, özü kimi düşünür.

P.S. Azərbaycan yazıçılarının təbiri ilə desəm, bu sətirlərə qələmə alan zaman "İTV Xəbər"də Əlisa Nicatın bərbad, acınacaqlı sosial durumundan reportaj efirə gedirdi. Yenə o göygöz, sarışın Əlisa danışırdı. Gülə-gülə danışırdı. 8 və 7 rəqəmlərinin birinin emosiyası, saflığı, sevgisi ilə danışırdı. Dəqiqləşdirə bilmədim. 8 yaşlı Əlisa danışırdı, yoxsa 7 yaşlı?

Rasim İsmayılov


Oxunma sayı: 3675

Oxşar yazılar