Sabiq müşavirdən TƏKLİF: Naxçıvan vilayət elan edilsin!

  • 23:12 - 01 Dekabr

“Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması üçün referendumun keçirilməsi mümkündür”.

Avropa.info xəbər verir ki, bunu modern.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli son günlər Naxçıvan ətrafında cərəyan edən hadisələrdən danışarkən deyib.

Q.Hüseynli bildirib ki, Naxçıvanın status məsələsini Türkiyə ilə müzakirə edib, razılığa gəlmək olar:

“Naxçıvanın statusu ilə bağlı beynəlxalq razılaşmalar mövcuddur. Buna qarant dövlətlər müəyyən edilib. Həmin qarant dövlətlərdən biri məhz qardaş Türkiyədir. Biz Türkiyə ilə bu məsələni müzakirə etməklə, Naxçıvanın statusunun aradan qaldırılmasına nail ola bilərik”.

Eks-dövlət müşaviri onu da vurğulayıb ki, Naxçıvanın statusu konstitusiyada qeyd olunmuş unitarlıq prinsipinə ziddir.

“Naxçıvan kimi kiçik ərazidə Ali Məclisin olması, Nazirlər Kabinetinin mövcudluğu mənasızdır. Burada iki  gömrük məntəqəsi yaradıblar. Axı, indiki halda heç Azərbaycanda Gömrük Komitəsinə ehtiyac yoxdur. Konstitusiyamızda yazılıb ki, Azərbaycan unitar dövlətdir. Məhz Naxçıvana belə səlahiyyətin verilməsi unitarlığı pozur. Ona görə də, Naxçıvanın statusu dəyişdirlməlidir.

Məsələn, Naxçıvanı vilayət elan etmək olar. Nazirlər Kabinetinin əvəzinə daha aşağı qurum yaradıla bilər. Əsas odur ki, Naxçıvanın bütün idarəetmə orqanları şaquli istiqamətdə mərkəzə - Bakıya  tabe edilsin. Vasif Talıbov kimi adamların Naxçıvanda at oynadıb, talanla məşğul olmasının qarşısı alınmalıdır. Naxçıvan xalqı da buna etiraz etməyəcək. Biz bunu etməklə, dövlətin idarəetməsini təkmilləşdirər, unitar dövlət quruluşunu dəqiqləşdirərik”, - politoloq vurğulayıb. 

Qeyd edək ki, son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün açılması, həmçinin buna paralel olaraq Muxtar Respublikada bir sıra qurumların ləğvi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Bu prosesin hələ son olmadığı, yaxın günlərdə Naxçıvandakı digər qurumların da ləğv olunması gözlənilir. Hətta bəzi ekspertlər Naxçıvan Muxtar Respublikasının statusunun da ləğv olunması məsələsinin gündəmə gətirilməsinin vacibliyini vurğulayırlar.


Oxunma sayı: 2894

Oxşar yazılar