Türk svilizasiyasının mərkəzi İç Anadolu - Ruslan Bəşirli Sivasdan yazır (FOTOLAR)

  • 19:44 - 26 Noyabr

 Biz dünyadan keçib getdik 

Sıxıntını da rahatı da görüb getdik 

Artıq sıra sizə gəlmişdir 

Biz növbəmizi çəkib getdik. 

Türklərin dənizlərə çıxışını təmin edən ilk türk hökümdarı kimi tarixə düşən Səlçuqlu sultanı İzzəddin Keykavus son vəsiyyətində belə yazır. 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist noyabrın 15-dən 18-nə kimi ən qədim svilizasiyaların məskəni kimi tanınan və xarici, yerli turistlərin diqqətini çəkən İç Anadoluya baş tutan səfərimiz zamanı İzzəddin Keykavusun Sivasda yerləşən türbəsini də ziyarət etdik. 

Tarixin hər dövründə əhəmiyyətli inzibati mərkəz olan Sivas, hititlərin strateji qalası, Kadı Bürhanəddin, Danişment, Eretna bəyliyinin paytaxtı, Səlcuqlu dövlətinin Darül Alası, Osmanlının əyalət mərkəzi və Anadoluda Cümhuriyyətin əsaslarının atıldığı bir bölgədir. Hər daşında canlı tarix yaşatması ilə yerli və xarici turistlərin diqqətini çəkən Sivas, tarixi mədrəsələri ilə orta əsrlərdə elm və təhsilin əsas mərkəzlərindən biri olduğunu təsdiqləyir. 

                                                                         SİVAS GÖK MƏDRƏSƏ  

Gök Mədrəsə Sivasda yerləşən tarixi abidədir. Giriş qapısının üzərindəki yazıya görə, Anadolu Səlcuqlu Dövləti dövründə 1271-ci ildə Ata Fahrettin Ali tərəfindən memar Kaluyan el-Koneviyə inşa etdirilib. Gök Mədrəsənin tac qapısında ərəbcə belə yazılıb: "Böyük sultan, ali şah, dünyanın və dinin köməkçisi Kılıç Arslanın oğlu Keyhüsrev dövlətinin zamanında tikilib. Allah onun dövlətini daim saxlasın". Tarixi mədrəsədə tələbələrə İslami elmlərlə yanaşı o dövr üçün vacib olan dünyəvi elmlər də tədris olunub. Tarixi qaynaqlarda dövrünün məşhur alimlərinin bu mədrəsədə tələbələrə elm tədris etdikləri bildirilir. 

Qoşa minarəli tac qapısı və darvazanın üzərindəki bəzəklər binanın ən möhtəşəm hissəsidir. Dekorasiyalarda 9 növ heyvan başı, ulduz, həyat ağacı motivlərindən istifadə olunub. Divarları yonma əhəngdaşı olan mədrəsənin minarələrinin uzunluğu 25 metrdir. Mədrəsənin girişində sağda məscid var. Çini ilə ilə örtülmüş məşhur minbərin üzərində Ayet-el Kürsi yazılıb. Qübbəyə keçidin üçbucaqlarla təmin edildiyi məscidin günbəzi və ətəkləri çini ilə bəzədilib. Mədrəsəyə girişin sol tərəfindəki kvadrat planlı günbəzli otaq Dar-ül Hədis bölməsidir. Daxili divarlar suvaqlıdır. Açıq düzbucaqlı daxili həyətin ortasında hovuz mövcuddur. Bu Anadoluda bilinən ən böyük Səlcuqlu hovuzudur. Gök Mədrəsə təmirdən sonra hazırda muzey olaraq istifadə olunur. Hər gün 100-lə xarici və yerli turist bu tarixi abidəni ziyarət edir.

                                                                                     KALE  CAMİ

Sivasda əski dövrlərə aid abidələr əsasən şəhərin mərkəzi olan Səlçuk Parkında yerləşir. Bu tarixi abidələrdən biri də Osmanlı Sultanı 3-cü Murad dövründə Sivas valisi olan Əli Bəyoğlu Mahmud Paşa tərəfindən inşa etdirilən Kale Camidir. 1580-ci ildə inşa edilən Kale Cami adını qala planı ilə kvadrat formada tikildiyi üçün almışdır. Məscidin divarı yonma daşdan, minarəsi isə kərpicdən hörülmüşdür. Osmanlı dövrü məscid memarlığının ən əhəmiyyətli əsərlərindən olan Kale Caminin hər iki tərəfindəki iki daş diqqəti cəlb edir.

Bu daşlardan biri  məscidin həyətinin qarşısında yerləşən qismən oyulmuş daşdır. Bu daş Sədəqə Daşıdır. Məscidin minarəsinin altındakı içi boş daş isə İtirilmiş Daş adlanır. Sədəqə daşı Osmanlı cəmiyyətində insanların bir-birinə olan hörmət və məhəbbət dərəcəsini ifadə edən, çox yüksək və ülvi məna daşıyan, məscidlərdə və dini-ictimai xidmət yerlərində içərisində və ya üstündə adı həkk olunmuş daşdır. Xüsusilə gecə namazına gedən müsəlmanlar həmin gün vermək istədikləri sədəqəni həmin daşın oyuğuna qoyub gedirdilər. Eləcə də, qaranlıq gecədə iffət və iffətinə görə yoxsulluğunu gizlədən fəqirlər oradan ancaq lazım olanı götürər və başqa kasıbların haqqına hörmət edərdilər.

İtirilmiş Daş isə itmiş əşyalar üçün nəzərdə tutulurdu. Yaxınlıqda tapılan əşya daşın içindəki çuxura qoyulur və sahibi tərəfindən götürüləcəyi gözlənilirdi. Eynilə, əşyasını itirən şəxs əvvəlcə İtirilmiş Daşa baxardı.

                                                                              BURUCİYE MƏDRƏSƏSİ

Kale Caminin yaxınlığında yerləşən Buruciye mədrəsəsi bu vaxtədək saölam qalmış tac qapısı ilə Anadolunun ən məşhur abidələri arasındadır. 1271-ci ildə Səlcuqlu Sultanı III. Qıyasəddin Keyhüsrev dövründə tikilən mədrəsə fizika, kimya və astronomiyadan dərs vermək üçün Həmədan yaxınlığındakı Burucerddən gəlmiş Müzəffər Burucerdi tərəfindən inşa etdirilib. Memarı bilinməyən bina Anadoluda ən hamar simmetriya mədrəsə planına malikdir. Açıq həyəti olan mədrəsə yonma daşdan tikilib. Dörd eyvanlı və iki mərtəbəlidir. 

                                                                           QOŞA MİNARƏLİ MƏDRƏSƏ 

Kale Caminin yaxınlığında yerləşən Qoşa Minarəli Mədrəsə 1271-1272-ci illərdə inşa edilib. Tac darvazasının bir az yuxarısında yazılmış kitabədən mədrəsənin İlhanlı dövlətinin vəziri Şəmsəddin Mehmet Cüveyni tərəfindən tikildiyi anlaşılır. Binanın günümüzə qədər gəlib çatan yeganə orijinal cəhəti Anadoluda ən hündür tac qapısı olan möhtəşəm fasadıdır. Tac darvazasının üstündə yüksələn iki minarə Sivasın simvoluna çevrilib. Anadoluda tikilmiş ən əski mədrəsələrdən biridir və Darü'l-hədis adı ilə də tanınır. İki mərtəbəli, dörd eyvanlı binadır. Tac qapısındakı kərpic minarələr kirəmitlə bəzədilib. Nəbati və həndəsi motivlərlə bəzədilmiş daş qapı, kənarlarındakı müqərnəsli taxçalar binaya canlı görkəm verib. Künclərdə yarım qüllələr var. Bina hələ də yaxşı vəziyyətdədir və ziyarətçilər üçün açıqdır.            

Açıklama yok.

                                

                                                                            ŞİFAİYE MƏDRƏSƏSİ

Qoşa Minarəli Mədrəsə ilə tam da üzbəüz Şifaiye Mədrəsəsi yerləşir. Şifaiyə mədrəsəsi Səlcuqlular dövründə xəstələrin müalicə olunduğu və tibb təhsilinin də verildiyi ən əhəmiyyətli mədrəsələrdən biridir. Bu günə qədər gəlib çatan hissəsi ilə Anadolunun əski dövrə aid ən böyük xəstəxanasıdır. 1217/18-ci illərdə I İzzəddin Keykavus tərəfindən tikilmişdir. Möhtəşəm taclı qapıdan ibarət mədrəsə dörd eyvanlı və böyük həyəti olan bir abidədir. Tac qapısında günəş və ay rəmzləri, əsas eyvanda isə kişi və qadın başları şəklində relyeflər vardır. 1220-ci ildə vəfat edən Səlçuqlu Sultanı I İzzəddin Keykavusun Şifaiyə Mədrəsəsində dəfn olunub. Mədrəsənin həmin hissəsi türbəyə çevirilib.  

                                                                         TARİXİ DİVRİGİ QƏSƏBƏSİ VƏ ULU CAMİ, DARÜŞŞİFA

Qədim Divrigi Sivasın bir qəsəbəsidir. Qəsəbə Fərat çayının bir qolu olan Çaltı çayı vadisində qurulub. Əski Hitit imperiyasının əsas mərkəzlərindən biri olan Divrigi, Bizans dövründə Teprike adı ilə tanınmış Səlçuqlular dövründə  Divrik adlandırılmışdır. Ərəb coğrafiyaşünasları isə ilk mənbələrə uyğun olaraq şəhərin adını Abrik olaraq təyin etmişlər.

Açıklama yok.

Divrigi Bizans dövründə Sasani imperiyası ilə sərhəd rolunu oynayırdı. Malazgirt Meydan Müharibəsindən sonra türklər tərəfindən fəth edilən Divrigi, Sultan Məhəmməd Alp Arslanın komutanı Mengücek Qazi tərəfindən idarə olunub. Bu dövrdə oğuz türklərinin Kayı, Bayat, Karaevli, Ağevli boyları Divrigiyə yerləşiblər. 

Mengücek Bəyliyinin lideri Süleyman Şahın dövründə Divrigidə mədəni inqilab yaşanıb. 1224-cü ildə Süleyman Şah Divrigidə böyük qala tikdirib. Onun oğlu Əhməd Şah isə 1228-ci ildə Anadolunun gözü sayılan Divrigi Ulu Camini inşa etdirib. Olduqca böyük və təmtəraqlı Caminin cənub istiqamətində Əhməd Şahın xanımı Turan Mələk tərəfindən Darüşşifa inşa etdirilib. Yuneskonun Dünya Miras siyahısına alınan  Cami və Darüşşifa memar Ahlatlı Muhis oğlu Hürrəm Şah tərəfindən tikilib. Camidə həm Səlçuqluların, həm də Əməvi memarlıq tipini görmək mümkündür. Plan növü və dekorasiyası baxımından nadir əsərdir. Aralarında üslub vəhdəti olmayan üç portalın bəzəkləri bir-birindən fərqlidir. Ornamentlər, o cümlədən ikibaşlı qartal motivi son dərəcədə gözəldir. Qərb portalında Səlçuqlu Sultanı Əlaəddin Keykubadın gerbi olan ikibaşlı qartal və Əhməd şahın gerbinin doğan motivi var.

Camidəki sultan köşkü Anadoluda ən erkən nümunələrdəndir. Minbər, naxışlı sülüs yazı kəmərləri və qara ağacdan ulduz motivləri çox diqqətlə işlənib. Daşan barokko xarakteri daşıyan və iri palmetlərlə bəzədilmiş binanın qurbangahı da onun mühüm tərkib hissəsidir. Məscidin şərq fasadındakı pəncərədə Ahlatlı rəssamı Əhməd, minbərdə Tiflisli İbrahim oğlu Əhməd və xəttat Mehmed və cənub divarındakı nəzm zolağında Mehmed oğlu Əhmədin adları yazılır. Divriği Ulu Cami və Darüşşifa Mengücek bölgəsində komanda işinin və ümumi keyfiyyət anlayışının mövcudluğunu göstərən əhəmiyyətli bir nümunədir. 

Ruslan Bəşirli / Avropa.info

Bakı-İstanbul- Sivas 

ARDI VAR...


Oxunma sayı: 37654

Oxşar yazılar