Rusiya təsdiqlədi: Ukrayna ordusu mühasirəyə aldı, rus əsgərləri Limandan geri çəkildi - İLK GÖRÜNTÜLƏR

  • 22:37 - 01 Oktyabr

Rusiyanın ilhaq etdiyi Donetsk vilayətinin Liman şəhərində 5 mindən çox rus əsgəri Ukrayna ordusu tərəfindən mühasirəyə alınıb. Rusiya Müdafiə Nazirliyi açıqlama verərək şəhərdən tamamilə geri çəkildiklərini bildirib.

Avropa.info xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi 7-ci ayda davam edərkən, ölkənin şərqində şiddətli toqquşmalar davam edir. Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday Rusiyanın ilhaq etdiyi Donetsk bölgəsində yerləşən Liman şəhərindəki rus əsgərlərinin Ukrayna ordusu tərəfindən mühasirəyə alındığını açıqlayıb. 

"1 oktyabr 2022-ci il tarixindən etibarən Limanda yerləşmiş rus ordusu geri çəkilmək üçün komandanlığa müraciət etdi, lakin bu, rədd edildi. Hazırda 5 mindən çox rus əsgəri mühasirəyə alınıb", - deyə o bildirib.

Rus qoşunlarının qarşısında üç seçim olduğunu bildirən Qayday, onarın ya qaçmağa, təslim olmağa, ya da ölməyə çalışacaqlarını bildirib. Qayday həmçinin bildirib ki, Limana sursat tədarükü yolları kəsilib və şəhərdən demək olar ki, bütün çıxış yolları bağlanılıb.

Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak öz Tvitter hesabında Ukrayna əsgərlərinin Liman şəhərində Ukrayna bayrağını qaldırarkən əks olunan videonu paylaşıb. Videoda əsgərlərin "(Bu gün) 1 oktyabr. Dövlət bayrağımızı açıb torpağımıza sancırıq" dedikləri eşidilir.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, "Qüvvələr baxımından əhəmiyyətli üstünlüyə malik olan düşmən itkilərə baxmayaraq ehtiyatda olan əsgərlərini sahəyə çıxararaq Liman istiqamətində hücumu davam etdirib. Mühasirəyə alınma təhlükəsi ilə müttəfiq qoşunları Lymandan daha sərfəli xətlərə çəkildi", bildirilib.

Mayın sonlarında Rusiya Limanı ələ keçirdikdən sonra Liman şəhərini qoşunların yerləşdirilməsi və sursat təchizatı üçün mühüm logistika mərkəzinə çevirib. Şəhər həm də Ukraynanın şərqi və şimal-şərqindəki Donetsk, Luqansk və Xarkov vilayətlərini birləşdirən mühüm dəmir yolu qovşağı kimi strateji əhəmiyyətə malikdir. 

Ukraynanın Limanda nəzarəti bərpa etməsi fevralın 24-də işğal başlayandan bəri Rusiyanın "ən ağır hərbi məğlubiyyətlərindən biri" olacağı bildirilir. Ukrayna ordusu Limana nəzarəti ələ keçirsə, bu, Ukraynaya Donetsk vilayətinin şimal hissəsini tamamilə təmizləməyə və qonşu Luqansk vilayətinə doğru irəliləməyə imkan verəcək.


Oxunma sayı: 5127

Oxşar yazılar