Orxan Əliyev: Bu il 7-8 qızıl medal almağı hədəfləyirik

  • 18:33 - 01 Oktyabr

"Ötən il yeniyetmə və gənclərin Avropa çempionatı bizim üçün uğurlu olmuşdu. Monteneqroda 17 medal qazanmışdıq. Bunlardan 5-i qızıl, 5-i gümüş və 7-si bürünc medal idi". 

Bunu Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev Avropa.info-ya açıqlamasında bildirib. 

3-8 oktyabr tarixlərində İtaliyanın Yezolo şəhərində keçiriləcək uşaq, yeniyetmə və gənclərin dünya çempionatına AKF 47 nəfərlik heyətlə yola düşüb. Bunlardan 38-i idmançı, 6-sı məşqçi, 1-i hakim, 1-i vitse-prezident və 1-i baş katibdir. O.Əliyev dünya çempionatında medal gözlədiyi idmançıların adlarını açıqlayıb: 

"İnşəallah, bu il nəticəni daha da yaxşılaşdırıb ən azı 7-8 qızıl medal almağı hədəfləyirik. Medal gözlədiyimiz idmançılar sonuncu İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Amil Məmmədov, həmin yarışın iştirakçısı Mahmud Hüseynov, gənclər arasında dünya və Avropa çempionu Amin Quliyev, Elvin Məmmədov, Ramal Zeynallı, Vüqar Məmmədov, Sübhan Məmmədov, Nicat Ələkbərli və Elnur Mustafayevdir. Onlar gənc olsalar da, artıq təcrübəli idmançılardır". 

AKF prezidenti noyabrda Türkiyənin Antalya şəhərində keçiriləcək böyüklərin Avropa çempionatı ilə bağlı da fikirlərini bildirib:

 "Ora da tam heyətlə getməyi düşünürük. Artıq Azərbaycan yığması ilk "3-lük"də yer alır. İnanıram ki, Avropa çempionatında da yeni çempionların adlarını eşidəcəyik. Yığma komandada təcrübəli dünya ve Avropa çempionları ile yanaşı, artıq illərdir millinin şərəfini qoruyan idmançılarımız var. Bunlardan Elxan Əliyev Avropa ikincisi və İslamiadanın bürünc medalçısı olub. Ondan bu il qızıl medal gözləyirem. Camal Məmmədov da illərdir dünya ve Avropa çempionatlarında gümüş medal qazanır. Onun bu dəfə medalın əyarını qızıla çevirəcəyinə inanıram. Gənclər arasında dünya və Avropa çempionu, perspektivli idmançılardan olan Məhəmməd İmanovdan da böyüklər arasında qızıl medal gözləyirəm".


Oxunma sayı: 11342

Oxşar yazılar