Stoltenberq: NATO Ukraynanı dəstəkləməyə davam edəcək

  • 19:04 - 29 İyun

NATO ölkələrinin liderləri İsveç və Finlandiyanı Alyansa dəvət etmək qərarına gəliblər və bu ölkələrin hərbi-siyasi bloka daxil olması üçün protokolların imzalanması barədə razılığa gəliblər. 

Avropa.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü Şimali Atlantika Alyansı liderlərinin Madriddə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında bildirib. 

Stoltenberq Türkiyə, Finlandiya, İsveç və NATO liderlərinə Alyansın əhatə dairəsinin genişləndirilməsində müsbət nəticə əldə etmək üçün göstərdikləri səylərə görə təşəkkür edib. 

Baş katib Şimali Atlantika Alyansının yeni Strateji Konsepsiyasının müttəfiqlər tərəfindən təsdiqləndiyini elan edib. 

“Yeni konsepsiya Rusiyanı “birbaşa təhdid” kimi xarakterizə edir, bu, Moskvanın “xarici tərəfdaş” kimi göstərildiyi 2010-cu il sənədində yox idi”, - deyə o bildirib. 

Onun sözlərinə görə, NATO sammitində həmçinin Alyansın şərq cinahında qüvvələrin gücləndirilməsi, cavab qüvvələrinin 40 min nəfərdən 300 min nəfərə çatdırılması barədə qərar qəbul edilib. 

Bundan əlavə, NATO ölkələri öz hərbi büdcələrini ÜDM-in və Alyansın ümumi büdcəsinin 2 faizindən çoxuna qədər genişləndirməyə davam etməyə razılaşıblar. 

Rusiya və Ukrayna arasında müharibə mövzusuna toxunan Stoltenberq Madrid sammitinin iştirakçılarının Kiyevə “güclü dəstək mesajı” göndərdiyini bildirib. 

“Ukrayna daha çox silah, sursat və ağır silahlarla təmin olunacaq. Ukraynadakı müharibə danışıqlar masası arxasında və Kiyevin şərtləri ilə başa çatacaq”, - baş katib bildirib. 

O, NATO-nun lazım olduğu müddətdə Ukraynaya hərbi və maliyyə yardımı göstərəcəyini əmin edib. 

“Uzun müddətdə Alyans Ukraynanın Sovet silahlarından NATO standartlarına qədər yenidən silahlanmasını təmin edəcək”, - deyə baş katib əlavə edib.


Oxunma sayı: 2113

Oxşar yazılar