SON DƏQİQƏ: İstanbulda güllələnən azərbaycanlı aktyor ÖLDÜ - YENİLƏNİB

  • 15:06 - 25 May

İstanbulda başından güllə yarası alaraq reanimasiyaya yerləşdirilən həmyerlimiz, aktyor Kamran Dadaşzadə dünyasını dəyişib.

Avropa.info-nun lent.az-a istinadla məlumatına görə, onun ölümü İstanbul Cərrah Paşa xəstəxanası tərəfindən təsdiqlənib.

Ailəsi aktyorun İstanbulun Silivri məzarlığında dəfn ediləcəyini bildirib.

***

11:42

Dünən İstanbulda yaşayan soydaşımız, aktyor Kamran Dadaşzadənin  başından güllə yarası alaraq öldürülməsi barədə xəbərlər yayıldı.

Avropa.info xəbər verir ki, aktyorun ailə dostu, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri yazıçı Aygün Həsənoğlu bildirib ki, Kamran Dadaşzadə hazırda Cərrah Paşa xəstəxanasında reanimasiya şöbəsindədir.

“Adətən, bu cür cinayət hadisələrində xəstəxanalar məlumat vermirlər. Ailəsi bizə bildirib ki, Kamran Dadaşzadənin beyin ölümü gerçəkləşib. O hazırda  cihaza bağlı vəziyyətdədir. Həkimlər son ümid kimi bir dərmandan istifadə ediblər. Bu gün dərmana reaksiya verib-verməyəcəyi məlum olacaq. Reaksiya verərsə, onun yaşayacağına ümid yaranacaq. Möcüzə gözləyirik”,- deyə Aygün Həsənoğlu qeyd edib.

Xatırladaq ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.

Təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə başından güllə yarası alıb. 

1969-cu ildə Sumqayıtda anadan olmuş Kamran Dadaşzadə Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu idi. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. İllər öncə Musiqili Komediya Teatrının xor kollektivində çalışıb. lakin onu aktyor kimi qəbul etməyiblər. 

Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar Vadisi”, “Savaşçı”, “Kardeş Payı” kimi seriallarda yadda qalan obrazlar canlandırıb. Həmçinin 2018-ci ildə yayımlanan “Servet” serialında rol alıb. 


Oxunma sayı: 1255

Oxşar yazılar