Ümumdünya Səhiyyə Təşkilatına rəhbər seçkisində gizli SƏSVERMƏ – Baş direktor öz vətəninin dəstəyini ala bilmədi

  • 14:16 - 25 May

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr gizli səsvermə nəticəsində Tedros Adhanom Qebreyesusu ikinci beşillik müddətə ÜST-nin baş direktoru vəzifəsinə seçiblər. 

Avropa.info bildirir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, səsvermə bu günlərdə Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyası zamanı baş tutub. Tedros Qebreyesus yeganə namizəd olub. 

Qeyd edilib ki, ÜST-nin hazırkı rəhbəri 160 səsdən 155-ni qazanıb, lakin Tiqraydakı münaqişə ilə bağlı mövqeyinə görə vətəni Efiopiyanın dəstəyini almayıb. 

Yeni səlahiyyət müddəti avqustun 16-da başlayacaq. Qaydalara görə, ÜST-nin baş direktoru yalnız bir dəfə yenidən seçilə bilər. 

Səsvermədən dərhal sonra Tedros Qebreyesus "Tvitter" səhifəsində ona göstərilən etimada görə ÜST-yə üzv ölkələrə təşəkkür edib, həmçinin təşkilatdakı həmkarlarına təşəkkürünü bildirib. 

Dünya Assambleyasındakı çıxışında o, pandemiya zamanı “hər tərəfdən” tənqid eşitməyin asan olmadığını etiraf edib, lakin o və həmkarları bunu konstruktiv qəbul etdiyini və işləməyə davam etdiyini bildirib. 

Təşkilatın press-relizində deyilir ki, ÜST son illərdə onun səmərəliliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək, fövqəladə hallarda insanları qorumaq və tibbi xidmətlərə çıxış imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyan əsaslı dəyişikliklərə məruz qalıb.


Oxunma sayı: 5534

Oxşar yazılar