Azərbaycanlı idmançı beynəlxalq turnirdən qələbə ilə döndü – FOTO

  • 11:39 - 16 May

Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi Şəhərində  Braziliya Ciu-Citsu idman növü üzrə peşəkar idmançılar arasında beynəlxalq turnir keçirilib.

Avropa.info xəbər verir ki, turnirdə ölkəmizi Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının yığma komandasını üzvü, bənövşəyi kəmər sahibi Rəna Səfərova təmsil edib.

Bənövşəyi, qəhvəyi və qara kəmər sahibi peşəkar idmançıların güclərini sınadığı yarışda dünyanın bir çox ölkəsinin idmançıları iştirak ediblər.

62 kilo çəki dərəcəsində döşəyə çıxmalı olan Rəna Səfərova çəkisinin artıq olması səbəbilə 70 kilo çəki dərəcəsindəki idmançılarla döşəyə çıxarılıb. İordaniya, Kolumbiya və BƏƏ idmançılarıyla qarşılaşan idmançımız 70 kq çəki drəcəsində ikinci yerə layiq görülüb. 

Qeyd edək ki, o, yarım finalda Əbu Dabidən olan idmançı ilə qarşılaşaraq onu məğlub edib. Finalda isə idmançımız İordaniyalı rəqibi ilə qarşılaşıb.

Məlumat üçün qeyd edək ki, Rəna Səfərova Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının qurucusu və idarə heyətinin sədri qara kəmər sahibi Taleh Həsənovun tələbəsi, həmçinin “Taleh Hasanov Team” komandasının üzvüdür. Onun yetişməsində Taleh Həsənovun müstəsna rolu olmuşdur. R. Səfərova məhz onun yanında məşqə başlayaraq daha sonra göy və bənövşəyi kəmərlərə yüksəlib. Taleh Həsənov da öz növbəsində Rəna Səfərovanı təbrik etmiş və bundan sonrakı idman həyatında ona müvəffəqiyyətlər arzulayıb. 

Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov da Rəna Səfərovanı təbrik edib və ona bayrağımızı yüksəklərə qaldırdığı üçün minnətdarlığını bildirib.

 

 

 


Oxunma sayı: 6777

Oxşar yazılar