Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrespublika seminarı keçirilib – FOTO

  • 20:08 - 25 Aprel

Ötən gün "Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası" tərəfindən Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrespublika seminarı keçirilib.

Avropa.info xəbər verir ki, Bakıda və müxtəlif rayonlarda fəaliyyət göstərən on altı klubdan yüzdən çox idmançının yer aldığı seminarda paytaxtın mərkəz klubları ilə yanaşı Ələt, Xəzər, Qaradağ, Xırdalan, Sumqayıt, Qəbələ, Quba, Qusar, Gəncə, Şamaxı kimi rayonlardan gələn idmançılar da fəal iştirak ediblər. 

İlk olaraq açılış sözü ilə iştirakçıları salamlayan "Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası"-nın təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov ölkədə idmanın mövcud vəziyyətindən, xüsusilə də yeni postpandemiya mərhələsinə qədəm qoyulmasından, ötən dövrdə dəymiş zərəri kompensasiya etmək üçün idmançıların üzərinə düşən yükdən danışaraq seminar iştirakçılarına  müvəffəqiyyətlər arzulayıb.

Daha sonra federasiyanın prezidenti Aqil Acalov idmançılara görüləcək işlərdən, yeni plan və layihələrdən danışıb. O, qarşıda keçiriləcək yarışların anonsunu verərək idmançıları hər zaman hazır olmağa çağırıb. 

Daha sonra çıxış edən "Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası"-nın sədr müavini və “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov qısa müddət əvvəl Əbu Dabidə keçirilən yarışda yer tutmuş idmançıları seminar iştirakçılarına təqdim edib. O, yeniyetmələr arasında 1-ci yer tutan Nicat Abdullayevə, uşaqlar arasında 2-ci yer tutan Harun Umarova və yeniyetmələr arasında 3-cü yer tutan Yəhya Hüseynova bundan sonrakı idman həyatında müvəffəqiyyətlər arzulayıb və onlarla fəxr etdiklərini bildirib. 

Seminardan sonra attestasiya keçirilərək idmançılara növbəti dərəcələr verilib. Sonda idmançılara seminarda iştirakla bağlı sertifikatlar təqdim olunub. 

Bununla yanaşı seminarda "Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası"-nın prezidenti Aqil Acalov da imtahan verərək bənövşəyi kəmərə layiq görülüb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 12244

Oxşar yazılar