Rusiya Suriyadakı İran dəstəkli muzdluları və Əsəd şebihalarını Ukraynaya gətirir - 40 min "Hələb qatili" Moskva üçün vuruşacaq

  • 01:14 - 19 Mart

Rusiya Ukraynaya qarşı müharibə üçün Suriyadan muzdlular cəlb edib.

Avropa.info xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. 

Məlumatda bildirilir ki, Suriyanın Xmeymim aviabazasının komandanlığı hər gün Ukraynaya 300-ə qədər yaraqlı göndərmək barədə fərman verib. 

"Martın 15-də muzdluların ilk partiyası Rusiyaya yola düşüb. Hazırda kəşfiyyat 150-yə yaxın suriyalının göndərildiyini bilir. Kəşfiyyat məlumatlarına görə, silah, hərbi texnika və digər resurslar tezliklə Suriyadan Belarus və Rusiyaya ötürüləcək", - deyə  Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin açıqlamasında qeyd olunur.

Xarici mediada yayılan məlumatlara görə, Suriya diktatoru Bəşər Əsəd Rusiya tərəfinə 40 min döyüşçü ilə dəstək verəcəyinə söz verib.

Xatırladaq ki, Suriyada rejimi dəstəkləyən İran tərəfindən gətirilmiş muzdlu terrorçu qruplar mövcuddur. Həmin qrupların Suriyadakı Rusiya komandanlığına tabe olduğu bildirilir. Qeyd edək ki, Rusiyadan hava dəstəyi alan həmin qruplar 2016-cı ildə Hələb şəhərində mülki əhaliyə qarşı qətliam törətməklə yaddaşlarda qalıb. Eyni zamanda Rusiyanın nəzarətində Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlıq etdiyi, dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə seçilən milis qüvvələri də mövcuddur. Həmçinin, Suriyadakı PKK/YPG terror təşkilatına məxsus bəzi qruplarının Rusiyanın təsirində olduğu qeyd edilir. PKK/YPG-nin əsas hissəsi isə ABŞ-ın nəzarətindədir və Vaşinqton terrorçulara hər cür dəstək verir. Adı çəkilən qrupların Ukrayna savaşına daxil ediləcəyi ehtimal olunur.   

Avropa.info


Oxunma sayı: 4445

Oxşar yazılar