Omikron koronavirusun sonudur? - Həkimdən ümidverici AÇIQLAMA

  • 14:28 - 26 Yanvar

"Yoluxanların sayının sürətlə artması gözlənilən idi, çünki Omikron ştammının delta ştammına nəzərən daha sürətlə yayıla bilməsi faktı artıq təsdiqlənib".

Avropa.info bildirir ki, bunu milli.az-a açıqlamasında həkim mütəxəssis Könül İsmayılova deyib.

O bildirib ki, Omikronun yoluxduruculuq dövrü qısadır:

"Müqayisə üçün deyək ki, ilk ştammla xəstə olan insan 3-5 nəfəri, deltaya yoluxmuş insan 5-6 nəfəri, Omikronla yoluxmuş insan isə 8 nəfəri yoluxdura bilir. Lakin, yoluxma sürətinin yüksək olması ilə yanaşı, virusun inkubasiya dövrü də qısadır, yoluxmadan 1-6 gün sonra artıq simptomlar təzahür edə bilir. Digər bir tərəfdən, artıq məlumdur ki, Omikron ştammı Delta ştammından fərqli olaraq daha mülayim xəstəlik gedişatına malikdir, ölüm və hospitalizasiya göstəriciləri sırasında deltadan geri qalır.

Artıq bir sıra dövlətlərdə, o cümlədən respublikamızda da karantin tədbirləri ilə bağlı qərarlarda dəyişikliklər (Laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb - red.) qəbul edilib. Adətən, xəstəlik normal keçirildikdə, ağırlaşmalar baş vermədən sağalma olduqda 7 gün sonra, normal əmək fəaliyyəti bərpa oluna bilir.

Təbii ki, ağırlaşmalar olduğu halda, nəinki, koronavirus, bütün infeksion xəstəliklər zamanı mütləq şəkildə diqqət ağırlaşmaların müalicəsinə yönəldilməlidir, bu xəstəliyin gedişatından asılı olaraq ev şəraitində, bəzən isə stasionar və hətta, intensiv terapiya şöbəsində müalicə tələb oluna bilər

Xəstəliyin ilk dövrlərindən düzgün yanaşma tətbiq olunduqda və fəsadsız olaraq sağaldıqda xəstə şəxsin 7 gün sonra əvvəlki həyat tərzinə dönüş etməsi heç bir təhlükə daşımır. Çünki, bayaq qeyd etdiyimiz kimi, virusun yoluxduruculuq dövrü qısadır.

Omikron ştammının daha mülayim gedişli olması, virusun fəallığının zəifləməsinin göstəricisi ola bilər. Bu baxımdan gələcək üçün daha ümidverici proqnozları güman etmək mümkündür. Lakin, bununla yanaşı olaraq, yenə də standart əsaslı gigiyena tədbirlərinə mütləq şəkildə davam etmək və profilaktik olaraq vaksinasiya tədbirləri yenə də davam etdirilməsi əsas prioritet təşkil edir".


Oxunma sayı: 2773

Oxşar yazılar