Füzulidə salınan “Ağıllı kənd”lə bağlı detallar MƏLUM OLDU

  • 12:01 - 26 Yanvar

Xəbər verildiyi kimi, Azərbaycanda ikinci “Ağıllı kənd” Füzuli rayonunun Dövlətyarlı kəndində salınacaq. Qeyd edək ki, kəndin təməli ötən il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd”də neçə ailə məskunlaşacaq və hansı üstünlükləri olacaq?

Milli Məclisin Füzulidən olan deputatı Vüqar Bayramov Avropa.info-ya bildirib ki, Dövlətyarlı kəndində üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Kənddə məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar inşa ediləcək.

Kənd sakinlərinin məşğulluğu necə təmin olunacaq?

“Kəndin yerləşmə coğrafiyası və təbii üstünlükləri nəzərə alınmaqla bir neçə sektor üzrə müəssisələrin yaradılması nəzərdə tutulub. Belə ki, kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.

Eyni zamanda, Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. İstehsal olunacaq balıq məhsullarının ixrac ediləcəyi gözlənilir. Kənddə quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq”, - deputat deyib.

Onun sözlərinə görə, kəndin iqlimi və relyef üstünlükləri nəzərə alınaraq turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub.

“Bütün bunlar ilə yanaşı, kəndin ətrafında isə “Ağıllı kənd” təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərinin kənd təsərrüfatı ilə məşğul olması üçün də imkan yaradılacaq”.

“Enerji təminatı hansı mənbələr hesabına ödəniləcək” sualına cavabında V.Bayramov deyib ki, enerji təminatı isə yaşıl və alternativ mənbələr hesabına ödəniləcək.

“Kənddə xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Burada 20 daimi iş yeri yaradılacaq”.

Deputatın sözlərinə görə, kəndin salınması üçün artıq hazırlıq işləri aparılır. Kəndin layihəsi təsdiq olunub. Qısa zamanda inşaat işləri intensivləşəcək.


Oxunma sayı: 3994

Oxşar yazılar