Prezident İlham Əliyev: Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar

  • 15:50 - 25 Yanvar

Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq.

Avropa.info bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik.

Siz azad edilmiş torpaqlarda olan dağıntıları dünən öz gözlərinizlə görmüsünüz. Ermənistan işğal dövründə bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib. Ona görə bu böyük ərazidə - 10 min kvadratkilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər.

Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır.

Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir.

Digər məsələlərə gəldikdə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi - bütün bu və digər məsələlər dünən Şahin Mustafayevlə müzakirə olunub və hökumətlərarası komissiyanın işində əlbəttə ki, prioritetlər sırasında olacaq.

Onu da bildirməliyəm ki, noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir".


Oxunma sayı: 2443

Oxşar yazılar