Fransanın Avropa İttifaqında sədrliyi Azərbaycan üçün hansı risklər yaradır? – Partiya sədri açıqladı

  • 17:50 - 23 Yanvar

Fransanın Avropa İttifaqında sədrliyi Azərbaycan üçün müəyyən risklər ehtimalını artırsa da, bütövlükdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdə kəskin dəyişikliklərə səbəb olmayacaq. 

Bu fikirləri Avropa.info-ya Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Fransanın Avropa İttifaqında sədrlik dönəminin başlanması ilə əlaqədar məsələni şərh edərkən bildirib. 

Partiya sədri qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin  strateji xətti ”Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində müəyyən olunub və bu xəttin dəyişməsi yeni dönəm sədrliyinə gələn dövlətin, konkret halda Fransanın Azərbaycanla münasibətindən demək olar ki, asılı deyil: "Həmin xəttin dəyişməsi İttifaqın bütün dövlətlərinin ümumi razılığı ilə mümkündür".

Q.Əlibəyli daha sonra qeyd edib ki, Avropa İttifaqında dövlətlərin sədrliyi rotasiya qaydasında olur və hər dövlətin sədrlik müddəti 6 ay davam edir: 

"Konkret dövlətin sədrliyi dövründə fəaliyyət proqramı daha 2 üzv dövlətlə razılaşdırmaqla 18 ay müddəti üçün hazırlanır və həyata keçirilir. Fransanın sədrliyə başlaması ilə “üçlük sədrliyin” 18 aylıq yenı dönəmi başlanır. Bu dönəmdə “üçlük sədrlikdə” Fransa ilə yanaşı Çexiya və İsveç də iştirak edir. Artıq 2023-cü ilin birinci yarısına qədər fəaliyyət proqramı qəbul olunub. Bu fəaliyyət proqramında müxtəlif siyasi, mədəni və digər ictimai tədbirlər nəzərdə tutulub.

Sədrlik edən dövlət həmin fəaliyyət proqramına uyğun olaraq siyasi görüşlərin təşkili, mübahisəli məsələlərdə kompromis qərar layihələrinin hazırlanması, həmin layihələrin razılaşdırılması və qəbulunun təşkili və s. bu kimi məsələlərlə məşğul olur. Avropa İttifaqının formalaşmış siyasətinin təkbaşına dəyişdirilməsi sədrlik edən dövlətin səlahiyyətində deyil. Ona görə də Fransanın Avropa İttifaqındakı sədrliyinin bu təşkilatın Azərbaycanla münasibətdə kəskin dəyişikliyə səbbə olaması təhlükəsi yoxdur".


Oxunma sayı: 8669

Oxşar yazılar