Azərbaycan qazı TAP layihəsi ilə Avropada tarazlığı alt-üst etdi – İtaliya mətbuatı YAZDI

  • 16:51 - 24 Yanvar

Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyan Trans Adriatik təbii qaz kəməri (TAP) Avropada tarazlığı pozub. İtalyanlar bu layihənin hətta İtaliyanın təbii qaz ixracatçısına çevrilməsinə şərait yaratdığını yazıbılar.

Avropa.info xəbər verir ki, Azərbaycan təbii qazını Türkiyə, Yunanıstan və Albaniya üzərindən Adriatik dənizinə, oradan da İtaliyanın cənubuna və İtaliyadan digər Avropa ölkələrinə nəql edəcək layihə olan Trans Adriatik təbii qaz boru kəməri (TAP) Avropanın müxtəlif bazarlarına illik təxminən 10 milyard kubmetr qaz təmin edir. 

Azərbaycanın “Şahdəniz 2” yatağından çıxarılan təbii qazın Avropaya nəqli üçün tikilən TAP Türkiyə-Yunanıstan sərhədində TANAP-a bağlıdır.

Azərbaycan qazını Avropa bazarlarına nəql edən TAP-da kommersiya qazı axını 2020-ci il dekabrın 31-dən başlayıb.

Cənub Qaz Dəhlizinin son ayağı olan Trans Adriatik Təbii Qaz Boru Kəmərinin istifadəyə verildiyi ilk ildə 8,1 milyard kubmetr təbii qaz Avropaya nəql edilib. 

TAP Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Cənubi Qafqaz Boru Kəməri ilə birlikdə 40 milyard dollar dəyərində olan Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir.

İtaliya mətbuatında yayılan bəzi məlumatlara görə, TAP İtaliyaya 2021-ci ilin dekabr ayının ikinci yarısında qaz ixracını mümkün edib.

Xəbərdə, "2021-ci ilin son günündə İtaliya 20 milyon kubmetr qaz satdı ki, bu da onun 214 milyon kubmetr xalis istehlakının təxminən 10 faizini təşkil edir. Tanınmış əsas enerji idxalçısı İtaliya qiymətlərin sürətlə artdığı bir vaxtda belə niyə qaz ixrac etməyə hazırdır?  Bu, Azərbaycandan Apuliyaya 878 kilometr uzunluğunda təxminən 8 milyard kubmetr təbii qaz daşıyan TAP, eləcə də ölkənin anbar sistemi sayəsində mümkün olub", ifadələri yer alıb.

31 dekabr 2020-ci il və 31 dekabr 2021-ci il tarixləri arasında Trans-Adriatik Boru Kəməri ilə Azərbaycandan İtaliyaya təbii qaz nəqlinin həcmi 6,8 milyard kubmetr təşkil edib.

Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP Avropanın müxtəlif bazarlarına ildə təxminən 10 milyard kubmetr (bcm/a) qaz nəql etmək gücünə malikdir. Boru kəməri həmçinin hasilat gücünü 20 milyard kubmetrə qədər artırmaq potensialı ilə layihələndirilib.


Oxunma sayı: 8625

Oxşar yazılar