Kiyev: ABŞ-ın diplomatları təxliyə etmək qərarı həddindən artıq ehtiyatlılığın təzahürüdür

  • 12:55 - 24 Yanvar

ABŞ-ın Ukraynadan diplomatların ailə üzvlərinin təxliyəsi və əsas vəzifələrdə işləməyən diplomatik işçilərinin könüllü şəkildə ölkəni tərk etməsinə icazə verməsi “həddindən artıq ehtiyatlılığın” təzahürüdür. 

Avropa.info xəbər verir ki, bunu "RBC-Ukrayna"ya şərhində Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko deyib. 

"XİN ABŞ Dövlət Departamentinin Kiyevdəki ABŞ səfirliyinin əməkdaşlarının ailə üzvlərini tərk etmək qərarını, həmçinin əməkdaşların bir qisminin könüllü olaraq getmə imkanının verilməsini nəzərə alıb", - Nikolenko bildirib. 

O qeyd edib ki, Ukrayna xarici dövlətlərin diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək hüququna hörmət edir, lakin XİN “Amerika tərəfinin belə bir addımını vaxtından əvvəl və həddindən artıq ehtiyatlılığın təzahürü” hesab edir. 

Nikolenko vurğulayıb ki, Ukraynadakı təhlükəsizlik vəziyyətində, əslində, son vaxtlar heç bir kardinal dəyişiklik baş verməyib. 

"Rusiya təcavüzünün yeni dalğaları təhlükəsi 2014-cü ildən bəri dəyişməz olaraq qalır və rus qoşunlarının dövlət sərhədi yaxınlığında toplanması ötən ilin aprelində başlayıb", - Nikolenko xatırladıb. 

O, öz növbəsində vurğulayıb ki, ABŞ Dövlət Departamentinin qərarı ABŞ səfirliyinin bütün əməkdaşlarının indi Ukraynanı tərk edəcəyi anlamına gəlmir. 

“Səfirlik tam şəkildə fəaliyyətini davam etdirəcək. Diplomatik missiya üzvlərinin belə bir istəyi varsa, getmək imkanı var. Lakin onların getməsi heç də məcburi deyil”, - XİN-in mətbuat katibi vurğulayıb. 

O, ABŞ vətəndaşlarına səyahət planlarını Dövlət Departamentinin saytında qeydiyyatdan keçirmələri ilə bağlı tövsiyələri sakitcə qəbul etməyə çağırıb. 

“Xaricə səyahət edən ukraynalılar üçün Ukrayna Xarici İşlər Nazirliyi də “DROUG” analoji sistemində qeydiyyatdan keçməyi tövsiyə edir. Bu, öz vətəndaşları ilə konsulluq əlaqəsini dəstəkləmək üçün normal beynəlxalq təcrübədir”, - Nikolenko bildirib. 

Öz növbəsində Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, Aİ Vaşinqtonun amerikalıların Ukraynadan çıxarılmasını niyə təşkil etdiyini ABŞ dövlət katibindən öyrənəcək. 

“Katib Blinken bizə izah edəcək. Biz belə bir şey etmək fikrində deyilik, çünki bunun üçün heç bir xüsusi səbəb görmürük”, - o, Aİ xarici işlər nazirlərinin Brüsseldə görüşü başlamazdan əvvəl deyib.


Oxunma sayı: 3510

Oxşar yazılar