Nazirlikdən "Şuşa" KVN komandası ilə bağlı RƏSMİ AÇIQLAMA

  • 12:29 - 24 Yanvar

"Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb".

Avropa.info-nun məlumatına görə, bu barədə modern.az-a Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adını “Buta” olaraq dəyişdirilməsilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib.

Nazirliyin açıqlamasına görə, "Şuşa" klubunun nazirliklə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” olaraq dəyişdirilməsi Azərbaycanda birmənalı qarşılanmayıb.

Dəyişiklik sosial şəbəkələrdə, mətbuatda geniş müzakirələr və qınağa səbəb olub. Bir çoxları komandaya həmin yarışda iştirak etməməyin onların gələcək koryerası üçün daha uğurlu olacağı qənaətinədir.

Məsələ ilə bağlı komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama yayıb və adın dəyişdirilmədiyini bildirib:

“Heç kim komandanın adını dəyişməyib. “Şuşa” komandası var və qalacaq. Son iki sutkada keçirdiyim gərgin və mübahisəli görüşlərdən sonra belə qərara gəlindi ki, “Şuşa” komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən mərkəzi liqalarının birində oynayacaq. Hər şey əladır. Bəzi bədbəxtlərin sevinci uzun çəkmədi” - Müşviq Abbasov bildirib.

Müşviq Abbasovun bu açıqlamasından sonra belə, KVN-in rəsmi saytında komandanın adı “Şuşa” kimi yox, “Buta” olaraq təqdim edilir.


Oxunma sayı: 1662

Oxşar yazılar