General Həzi Aslanovun anım günüdür

  • 09:48 - 24 Yanvar

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan azərbaycanlı general-mayor Həzi Aslanovun anım günüdür.

Avropa.info xatırladır ki, Həzi Aslanov 1910-cu ildə Lənkəran şəhərində anadan olub. 13 yaşında atasını itirən H.Aslanov kərpic zavodunda fəhlə işləyib. Zaqafqaziya hərbi hazırlıq məktəbində, 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. Sonra iki illik Leninqrad süvari məktəbini bitirib və Kotovsk adına III Bessarabiya süvari diviziyasında taqım komandiri kimi fəaliyyətə başlayıb.

İkinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edib. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülüb.

H.Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstəriblər. Düşmənin 30 əks-hücumunu dəf ediblər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxardıblar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942-ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verilib. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçiblər. Belarusun iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam ediblər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirib. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülüb.

Belarus cəbhəsindəki şücaətinə görə, ona ikinci dəfə yüksək ad təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub.

Həzi Aslanovun məzarı Bakıda Şəhidlər Xiyabanındadır.


Oxunma sayı: 6095

Oxşar yazılar