KKTC-də keçirilən parlament seçkilərində hakim partiya qalib gəldi

  • 09:23 - 24 Yanvar

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) baş naziri və hakim Milli Birlik Partiyasının (UBP) sədri Faiz Sucuoğlu respublika parlamentinə keçirilən növbədənkənar seçkilərdə UBP-nin qalib gəldiyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, Sucuoğlunun sözlərinə görə, rəhbərlik etdiyi partiya koalisiya hökuməti qurmağa başlamaq niyyətindədir. 

Partiya sədri bildirib ki, yeni hökumət əsas diqqəti ölkədəki iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yönəltməyi planlaşdırır. 

Bundan əvvəl yerli MSK-nın ilkin məlumatlarına istinadən xəbər verilmişdi ki, Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) keçirilən növbədənkənar parlament seçkilərində hakim Milli Birlik Partiyası (UBP) liderdir. 

MSK-nın məlumatına görə, UBP 39,82% səs toplayıb. Bülletenlərin 70,64%-i sayılıb. 

İkinci yerdə 31,46 faizlə Cümhuriyyət Türk Partiyası (CTP) qərarlaşıb. Xalq Partiyası (HP) və İntibah Partiyası (YDP) müvafiq olaraq 7,67% və 6,95% ilə üçüncü və dördüncü yerdə qərarlaşıb. 

KKTC-də növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb. 

Respublika MSK-nın məlumatına görə, dünən yerli vaxtla saat 17:30-a olan məlumata görə, seçkilərdə seçici fəallığı 55,43 faiz təşkil edib. 

Mərkəzi Seçki Komissiyası yekun nəticələri seçki məntəqələri bağlandıqdan sonra 24 saatdan gec olmayaraq elan edəcək. 

Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 18:00-a qədər davam edib. Ölkədə 763 seçki məntəqəsində səsvermə hüququndan istifadə edə biləcək 203 min 792 seçici qeydə alınıb. 

Seçkilər COVID-19 əleyhinə tədbirlərə uyğun keçirilib. 

KKTC Məclisində 3-ü müstəqil olmaqla 50 yer uğrunda 8 siyasi partiya və 403 deputatlığa namizəd mübarizə aparıb. 

Seçkilərdə 5%-lik baryeri keçən siyasi partiyalar qanunverici orqana daxil olmaq hüququ qazanacaq. 

O cümlədən, 131 qadın parlamentdə yer almaq üçün müraciət edib. Deputatlığa ən gənc namizədlər 1996-cı il təvəllüdlüdür.


Oxunma sayı: 2916

Oxşar yazılar