"Azərbaycan Fransa hökumətindən rəsmən izahat tələb etməlidir" – Qulamhüseyn Əlibəyli

  • 16:59 - 21 Yanvar

“Fransanın prezidentliyə namizədinin Xankəndinə qanunsuz səfərinə  münasibətdə Azərbaycan tərəfinin haqlı mövqeyinə, o cümlədən Azərbaycan prezidentinin sərt etirazına Fransa rəsmilərinin beynəlxalq etikadan kənar reaksiyaları həmin ölkə ilə münasibətlərə yenidən baxmaq üçün kifayət qədər əsas yaradır”. 

Bu fikirləri Avropa.info-ya Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bir qrup Fransız siyasətçisinin guya “erməni xalqına qarşı təcavüz və təxribatlar törədən” Azərbaycanın rəsmi şəkildə üzr istəməsi üçün müvafiq addımların atılması ilə bağlı absurd çağırışına və Fransanın xarici işlər nazirinin diplomatik etikaya yaraşmayan tərzdə bu çağırışı hazırkı prezidentin mövqeyinin müdafiəsi kimi izah etməsinə münasibət bildirərkən söyləyib. 

Partiya sədri daha sonra qeyd edib ki, xarici işlər nazirinin BMT-nin üzvü olan suveren dövlətə münasibətdə açıqladığı fikirlər hansı şəraitdə açıqlanmasından asılı olmayaraq təmsil etdiyi hökumətin rəsmi mövqeyi kimi qiymətləndirilməlidir: 

"Buna görə də Azərbaycan  Fransa hökumətinə etiraz notası təqdim edərək, rəsmən izahat tələb etməlidir. Ümumiyyətlə, Fransa rəsmilərinin hər bir anti Azərbaycan çıxışlarına görə Fransa hökumətinə rəsmi etiraz bildirilməli, Fransa hökumətinə bir  növ diplomatik təsir və təzyiq gücləndirilməlidir. Fransa hökumətinə başa salmaq lazımdır ki, Cənubi Qafqaza Ermənistan vasitəsilə “dal qapıdan” girmək istəyi yolverilməzdir və mümkün olmayacaq. 

Eyni zamanda, Fransa rəsmilərinin belə hərəkətləri və fikirlərinə görə Azərbaycan dövlətindən üzr istənilməsi tələbi rəsmı şəkildə qoyulmalıdır. Bütövlükdə Fransa – Azərbaycan münasibətlərinə yenidən baxılması məsələsə gündəmə gətirilməli və bu barədə siyasi müzakirələr açılmalıdır".


Oxunma sayı: 6623

Oxşar yazılar