Deputat: “Fransalı nazirdən başqa cür açıqlama gözləməyə dəyməsə də, bu qəbuledilməzdir”

  • 20:36 - 19 Yanvar

“Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drianın bu ölkənin parlamentində çıxışı beynəlxalq hüquqa və diplomatik qaydalara tamamilə ziddir. Görünən odur ki, beynəlxalq hüquq normalarını kobud surətdə pozulmasını dəstəkləyən fransalı nazirdən başqa cür açıqlama gözləmək olmaz. Amma onun belə yanaşması qəbuledilməzdir”. 

Bu fikirləri Avropa.info-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, artıq Azərbaycanın Xarici İşlər İşlər Nazirliyi və ölkəmizin Fransadakı səfirliyi məsələ ilə bağlı mövqeyini ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir. Bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır. V.Pekressin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. O da digər hər hansı bir xarici vətəndaş kimi qəbul edilməlidir. Eyni zamanda, Fransa prezidentliyinə namizəd Valeri Pekres ilk növbədə öz ölkəsinin qanunvericiliyinə əməl etməlidir.

Millət vəkili deyib ki, Fransa prezidentliyinə namizədin Azərbaycana davamlı hücumları ilə bağlı açıqlamaları qəbuledilməzdir. Xanım Pekress  açıqlamaları ilə Azərbaycan Respublikasının ərazisinə səfərinin qanunsuz olduğunu gizlətməyə çalışır. O, Azərbaycanın Xankəndi şəhərinə səfərinin qanunsuz olduğunu yaxşı bilir. Bu səbəbdən də, məqsədli şəkildə hay-küy salaraq diqqəti əsas məsələdən yayındırmağa çalışır. Prezidentliyə namizəd bilməlidir ki, o təkcə Azərbaycan qanunlarını yox, Avropa İttifaqının qanunlarını da pozub. Belə ki, Avropa İttifaqı ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən və ya təhdid edən hər hansı hərəkətləri qadağan edir. V. Pekress də bu qaydanı unutmamalıdır. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Fransa prezidentliyinə namizəd bu hərəkəti ilə Avropa İttifaqının tələblərini də pozur. Prezidentliyə namizəd olması isə onun qanunlardan üstün olmasına səbəb yarada bilməz. 

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə tərəfindən Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində önəmli təşəbbüslər irəli sürülüb: 

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və hər iki xalq arasında etimadın gücləndirilməsi istiqamətində addımların atıldığı bir zaman xanım Pekressin qeyri-qanuni səfəri və bu səfəri seçki təbliğatının alətinə çevirməsi cəhdi yenicə müharibədən çıxmış və quruculuq işlərinə başlamağa çalışan bölgədə vəziyyəti qəsdən qızışdırmaq və sülh səylərinə zərbə vurmaq məqsədi daşıyır. Yaxşı olardı ki, fransalı nazir ölkəsinin Milli Assambleyasında bu məqamlara toxunardı. Çox təəssüf ki, belə olmadı. Həm də, Fransa hər şeydən öncə Ermənistanla Azərbaycan arasında münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. Amma Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistana açıq dəstək verməsi heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatasının hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul edib. Qeyd etmək yerinə düşər ki, ötən il dekabrın 15-də Fransa Prezidentinin təşəbbüsü ilə Prezident Makron və Prezident İlham Əliyev arasında görüş keçirilib. Görüş zamanı qarşı Fransanın verdiyi ismarışlar bu ölkənin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir. Əslində, bu mövqe Fransada hökm sürən islamafob və türkofobiyanın açıq təzahürləridir. Bu ölkə Türkiyəyə qarşı da ədalətsiz mövqedən çıxış edir, amma istədiklərinə nail ola bilmir. İndi isə Azərbaycana qarşı əsassız addımları gücləndirməyə çalışırlar. Amma bütün bunlar heç bir nəticə verməyəcək. Dövlətimizin sərhədlərini pozan, qanunsuz səfərlər edən istənilən ölkənin vətəndaşına qarşı bundan sonra da qanuni addımlar atılacaq”. 


Oxunma sayı: 4038

Oxşar yazılar