“Şahdağ”: Azərbaycanda qış nağılı – "Anadolu" agentliyi yazır – FOTO

  • 13:41 - 19 Yanvar

Azərbaycanın şimal-şərqində yerləşən Şahdağ xizək kompleksi həm yerli, həm də xarici turistlərin qış tətili üçün sevimli yerlərindən biridir. 

Avropa.info xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yazıb.

Azərbaycanın ilk və ən böyük xizək mərkəzi Qusar rayonunda, ölkənin paytaxtı Bakıdan 180 km aralıda yerləşir. 

Kurort Qafqazın ən gözəl guşələrindən birində inşa edilib ki, bu da sizə möhtəşəm mənzərələrdən həzz almağa imkan verir. 

Bundan əlavə, Şahdağ dağ-xizək kurortu müasir və keyfiyyətli xizək avadanlıqları ilə təchiz olunub. 

“Şahdağ” həm də ölkənin təbiət möcüzələrindən biri olan eyniadlı Milli Parkın yaxınlığında yerləşir. 

Nəhəng kompleksin tikintisinə 2009-cu ildə başlanılıb və 2011-ci ildən turizm mərkəzi artıq mərhələli şəkildə fəaliyyətə başlayıb. 

Bu gün Şahdağda xizək zonası 108 hektar ərazini əhatə edir. Turistlərə 23 kilometr uzunluğunda müxtəlif çətinlikdə olan xizək enişləri təklif edir.

Xizəkçilər kompleksin müxtəlif nöqtələrində 5 liftdən istifadə edərək 17 enişlə enə bilərlər. 

Marşrutların tutumu saatda təxminən 15 min nəfərdir. 

Ziyarət mərkəzi süni qar yaratmaq texnologiyası ilə təchiz olunub ki, bunun sayəsində hətta az yağıntı şəraitində də xizək sürmək mümkündür. 

Şahdağda turizm mövsümü dekabrın ortalarında başlayır və hava şəraitindən asılı olaraq adətən aprel ayına qədər davam edir. 

Kompleksin ərazisində 1200-ə yaxın çarpayılıq 5 dörd və beşulduzlu otel var. 

Bakıya yaxın olduğu üçün xizək kompleksinə turist axını xüsusilə həftə sonları çox olur.

Azərbaycan Türkiyədən gələn turistlər üçün vizasız ölkədir.


Oxunma sayı: 3103

Oxşar yazılar