Qarabağda işləmək istəyən şəxslərin NƏZƏRİNƏ! - Bu güzəştlər olacaq

  • 17:55 - 18 Yanvar

İşğaldan azad edilmiş ərazilərdə yaradılmış Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidentləri ölkənin bütün sənaye parklarına şamil olan güzəştlərdən istifadə etməklə yanaşı, sırf azad edilmiş ərazilər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan da yararlana biləcəklər.

Avropa.info-nun məlumatına görə, İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov Real TV-yə müsahibəsində bildirib ki, hazırlanmaqda olan bu güzəştlər işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə şamil olunacaq:

"İşğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı sərəncam çərçivəsində nəzərdə tutulan təkliflər paketi həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlara şamil olunacaq. Bu təkliflər paketində qeyd edim ki, sosial, vergi, gömrük güzəştləridir. Yaşıl enerji ilə bağlı güzəştlərdir, əmək miqrasiyası ilə bağlı, dövlət-özəl əməkdaşlığı çərçivəsində yeni yaşayış məntəqələrinin salınmasıdır. Yəni bu istiqamətdə müəyyən güzəştlər paketi hazırlanmaqdadır".

İşğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı sərəncam ilin sonunda təsdiq olunub. Sərəncam sahibkarlar üçün müəyən güzəştlər paketi vəd edir.

"Hazırda sərəncamın icrası ilə əlaqədar olaraq, həmin təkliflər paketi hazırlanmaqdadır. Bu təkliflər nəyi əhatə edir? Təkliflər paketində vergi, gömrük, eləcə də sosial sığorta rüsumlarından azad olunma məsələləri var. Yeni salınan yaşayış məntəqələrinin dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi var. Yeni salınacaq yaşayış məntəqələrində özəl investisiyaları dövlət əməkdaşlığı ilə cəlb etmək imkanları var. Həmin ərazilərin yaşıl enerji konsepsiyasında salınmasını nəzərə alaraq, yaşıl enerji tətbiq edən əhmin ərazilərlə fəaliyyət göstərən müəssisələrin güzəştlər əldə etmək imkanı var", - deyə Zamin Bədirxanov bildirib.

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra başladığı sürətli quruculuq işlərində beynəlxalq təcrübədən ciddi yararlanır. Bu istiqamətdə müxtəlif ölkələrin bərpa təcrübəsi öyrənilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.

"Beynəlxalq təcrübədə bərpa prosesi adətən 4-5 mərhələ üzrə keçirilir. Buraya həm idarəetmə və təhlükəsizliyin təmin olunması aiddir, hansı ki hazırda minatəmizləmə prosedurlarını əhətə edir. Həmçinin infrastruktur - sosial və iqtisadi - bəzən bunlar ardıcıl, bəzən də paralel olaraq həyata keçirilir. Yəqin ki, hamınız şahidsiniz ki, artıq minatəmizləmə ilə yanaşı sosial, hansı ki "Ağıllı kənd" layihəsi ilə həyata keçirilir. Eləcə də iqtisadi aktivlik - orada həm sənaye parkları, həm də digər sənaye müəssisələrinin orada yerləşdirilməsinə başlanılıb. Eləcə də infrastrukturla bağlı yəni sürətli infrastruktur layihələri həyata keçirilir.

Qarşıda duran hədəflərdən biri iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı sosial inkişafın təmin olunmasıdır. Bu istiqamətdə müvafiq fərmanla "Azərbaycan 2030" milli prioritetlər təsdiq olunub. Heç şübhəsiz ki, bunun da dördüncü istiqaməti işğaldan azad olunmuş ərazilərlə bağlıdır, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Bu prioritet özünü iki istiqamətdə - dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiyanı əhatə edir", - Zamin Bədirxanov qeyd edib.

Təbii ki, buna nail olmaq üçün insanlara həm iş, həm də mənzil şəraiti yaradılmalıdır. Bu istiqamətdə əsas rol azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarının üzərinə düşəcək. Xüsusilə də Ağdam sənaye parkına regionun bərpasında hərəkətverici rol oynayacaq.

"İlkin dövrdə nəzərdə tutulur ki, həmin orada yerləşdiriləcək müəssisələr bərpa prosesində - tikinti materialları və ya digər istiqamətli emal müəssisələrinin yerləşdirilməsi bərpa prosesinə töhfə verəcək. Digər bir sənaye parkı Araz Vadisi İqtisadi Zonası adlandırılır. Hansı ki, Cəbrayılda yerləşir. Bu da təsadüfi deyil. Həmin ərazinin tranzit potensialı nəzərə alınaraq, gələcəkdə Zəngəzur koridorunun üzərində yerləşməsi nəzərə alınıb. Gələcəkdə həmin ərazinin müəyyən bir logistika habı olmasını hədəfləyir. Burada ticarət və xidmət müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulur.

Artıq bir sıra tikinti daşı - əhəngdaşı yataqlarının istifadəyə verilməsi ilə bağlı araşdırmalar aparılır. Hazırda Ağdamda yerləşən Şahbulaq daş karxanasının istifadəyə verilməsi ilə bağlı müsabiqə elan edilib. Bu istiqamətdə artıq birinci mərhələ başa çatıb", - Z.Bədirxanov bildirib.

Təbii ki, işğaldan azad edilmiş ərazilərdə iş yerlərinin açılması üçün hər şeydən öncə bölgənin təbii resurslarına əsaslanılacaq. Bu resursların işlənməsi üçün yerli və xarici sərmayələrin cəlbi də əsas diqqət yetirilən məqamlardandır.

"İşğaldan azad olunmuş ərazilər təbii resurslarla zəngin ərazilərdir. İstər tranzit baxımından, istər təbii ehtiyatlar baxımından. Bərpa prosesinə təkan vermək üçün, bu iqtisadi inkişafın, iqtisadi canlandırmanın sürətləndirilməsi üçün həmin təbii resursların itqtisadi dövriyyəyə cəlb edilməsi üçün artıq müəyyən addımlar atılıb. Belə ki, artıq böyük bir xarici şirkətlə dəmir filizi yataqlarının istismarı, geoloji kəşfiyyatı və iqtisadi dövriyyəyə cəlb olunması ilə bağlı artıq üçtərəfli müqavilə bağlanıb, bu sahədə işlər aparılır. Digər bir məqam, tikinti materiallarına olan tələbi ödəmək məqsədi ilə tikinti daşı yataqlarının istifadəyə verilməsi ilə bağlı artıq müsabiqə elan edilib. Birinci mərhələ artıq başa çatıb. Digər tikinti yataqlarının da dövriyyəyə cəlb olunması ilə bağlı işlər aparılır", - Zamin Bədirxanov deyib.

Nazirlik rəsmisinin sözlərindən belə anlaşılır ki, iş adamları regionda yaradılan biznes imkanlarına ciddi maraq göstərir. İşğaldan azad edilmiş ərazilərdə təmsil olunamaq üçün edilən biznes müraciətləri içində xarici ölkələri təmsil edən şirkətlər də nəzərə çarpan paya malikdir:

"İqtisadiyyat Nazirliyinə həmin ərazilərdə müxtəlif istiqamətlərdə sahibkarlıqla məşğul olmaq istəyən 960-a yaxın layihə verilib. Bu layihələrin 300-ə yaxını xarici müraciətlərdir. Yerdə qalanları yerli müraciətlərdir. Təqribən 50%, yəni 50-nin 50-yə investisiya yönümlü və müəyyən podrat tender layihələrində iştirakla bağlıdır. Daxil olan investisiya layihələri tərəfimizdən, eləcə də aidiyyəti dövlət qurumlarının iştirakı ilə təhlil edilir. Hazırda 33 layihədə artıq fəaliyyətə başlanılıb - işğaldan azad edilmiş ərazilərdə 11 layihəyə isə davam edilir. Dəgir layihələrə isə baxıldıqdan sonra, aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra fəaliyyətə başlanılmasına razılıq veriləcək".

İşğaldan azad edilmiş ərazilərdə kadr problemi də həll edilir. İxtisaslı mütəxəssislərin bilik və bacarıqlarına ehtiyac olduğundan əmək miqrasiyası kvotalarına yenidən baxılması, yumşaldılması vurğulanır.
Bununla yanaşı, insanların məskunlaşması çox vacib olan əmlak məsələsi - kəndlərin və şəhərlərin bərpası məsələsi də həll edilir.

"Torpaqlar azad olunandan sonra birinci mərhələdə invertarlaşma işləri ilə bağlı bütün ərazilərdə daşınan və daşınmaz əmlak invertarlaşdırılır. Bu məqsədlə yaradılmış, Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə daxil edilib. Hazırda həmin tikililərin, obyektlərin gələcək taleyi ilə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılır", - Zamin Bədirxanov əlavə edib.

Təbii ki, bütün bu işlər regionda bərpa dövrünün əsas mühüm istiqamətlərindən biri nəqliyyat infrastrukturunun yaradılmasına paralel aparılıb. Regionda çox sürətlə infrastruktur layihələri - dəmir yolları, avtomobil yolları, hava limanlarının tikintisi gerçəkləşdirilib. Yanvarın 24-dən Şuşaya və Ağdama avtobus marşrutları açılır.

Bir sözlə, region böyük qayıdışa hazırlaşır. Bu, sirr deyil ki, işğaldan azad edilən ərazilər Azərbaycanın gələcək urbanizasiya siyasətinin əsas istiqamətlərindən biri olacaq. Çünki ölkənin yerli su ehtiyatlarının 30 faizindən çoxu məhz bu regionun payına düşür. Yəni Azərbaycanın içməli su və ərzaq məhsulları ilə təminatında işğaldan azad edilmiş bölgələr xüsusi rol oynayacaq.


Oxunma sayı: 10022

Oxşar yazılar