Banklar dollar ajiotajı yaradır, yoxsa Mərkəzi Bank satışı məhdudlaşdırıb?

  • 15:02 - 18 Yanvar

İqtisadçı ekspert Əkrəm Həsənov son günlər bəzi bankların müştərilərə dollar satmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Avropa.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ə. Həsənovun sözlərinə görə, son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötsə də, banklarımızdan dollar almaq xeyli çətinləşib:

"Digər tərəfdən, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi (1,7) ilə alır. Əvvəla, banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər. Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar. Elə birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon alarlar. Deməli, Mərkəzi Bank satışı məhdudlaşdırıb.

Digər tərəfdən, bankların özü də dollar satışını məhdudlaşdırıb. Deməli, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika yaranır. Dollara tələbat da artır".

Ekspert devalvasiyanın olacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O qeyd edib ki, 2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi: "Yəni devalvasiya olacaq? Böyük ehtimalla olmayacaq! Çünki 2015-ci ildən fərqli olaraq neftin qiyməti yüksəkdir. Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Üstəlik qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır. İqtisadi problemlər və sosial narazılıq arta bilər.

Bəs, onda nə baş verir? Yeganə ehtimal qalır: kimlərsə "qara bazar"a pas ötürür, yəni onu təşviq edir. Dollara çox ehtiyacı olanlar (əsasən sahibkarlar) naəlac qalıb "qara bazar"a üz tutur və oradan istədiyi qədər dolları alır. Təbii, bankların məzənnəsindən yüksək qiymətlə. Ümumiyyətlə, ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20000 manatlıq limitin nəticələrindən biri elə "qara bazar"ın aktivləşməsidir. Kimlərsə  bu "qara bazar"ı himayə edir. 

Bunlar cinayətkarlar ola bilər! Amma o da ola bilər ki, onlar özlərini cinayətkar saymır və guya dövlət maraqlarına qulluq edirlər".


Oxunma sayı: 2718

Oxşar yazılar