Ərdoğan "Türkiyə bölgədəki çirkin oyunları pozan bir ölkəyə çevrilib”

  • 17:59 - 14 Yanvar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü “Ufuk” (Horizont) təlim gəmisinin istismara verilməsi mərasimində iştirak edib. 

Avropa.info xəbər verir ki, İstanbul Dəniz Gəmiqayırma Zavodunda təşkil olunan mərasimdə çıxış edən dövlət başçısı hərbi sənaye kompleksində mühüm layihələrin həyata keçirilməsi fonunda Türkiyənin müdafiə sektorunun daha bir uğurlu ilə qədəm qoyduğunu bildirib. 

Ərdoğan yerli müdafiə sənayesini Türkiyənin maraqlarını təşviq edən mühüm amil adlandırıb. 

“Müasir Türkiyə öz müdafiə texnologiyalarını yarada və səmərəli istifadə edə bilən dövlətdir. Açıq və ya gizli embarqolara görə bizə verilməsindən imtina edilən hər növ silahın analoqunu ölkəmiz yaradır. Türkiyə müdafiə sənayesi sahəsində atılan addımlar sayəsində oyun qaydalarını təyin edən, bölgədəki çirkin oyunları pozan bir ölkəyə çevrilib”, - deyə Ərdoğan bildirib.

"Sevindirici haldır ki, Türkiyə istehsalı olan müdafiə texnologiyalarını alan dövlətlərin sayı artır", - deyə dövlət başçısı qeyd edib. 

Ərdoğan 2022-ci ilin sonuna qədər Türkiyə istehsalı olan silah və müdafiə texnologiyalarının ixracının həcminin 4 milyard dollara çatacağına ümid etdiyini bildirib. 

Onun sözlərinə görə, Türkiyə kosmik sektorda da texnologiyaları inkişaf etdirməyi hədəfləyir. “Kosmik gəmilərin buraxılış sistemlərinin və peyk sistemlərinin inkişafı üzrə səylər davam edir”, - prezident bildirib. 

Hərbi Dəniz Qüvvələrinin gücünün gücləndirilməsi mövzusuna qayıdan Ərdoğan qeyd edib ki, Türkiyə dünyada hərbi gəmiləri özləri dizayn edib inşa edə bilən 10 ölkə sırasındadır. 

“Bu günə qədər Türkiyənin müdafiə şirkətləri dünyanın 25 ölkəsinə 180 ədəd müxtəlif dəniz platforması tədarük edib”, - Türkiyə lideri bildirib. 

Ərdoğan yeni “Ufuk” gəmisi tərəfindən toplanan kəşfiyyat məlumatlarının Türkiyənin milli təhlükəsizliyinə töhfə verəcəyini vurğulayıb. 

Prezident Ərdoğan həmçinin bildirib ki, yaxın vaxtlarda TF-2000 esminesinin tikintisi üçün tender elan olunacaq.


Oxunma sayı: 3257

Oxşar yazılar