Azərbaycan güləşçiləri bu il 89 medal qazanıblar

  • 11:40 - 31 Dekabr

2021-ci il geridə qalmaq üzrədir. Pandemiya ilə əlaqədar yarış baxımından kasad olan 2020-dən fərqli, bu il kifayət qədər intensiv oldu. Dünya və Avropa çempionatları əvvəlki qaydada keçirildi. Ən əsası, bütün çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, Tokio Olimpiadası baş tutdu.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilin əsas yarışı olan Olimpiya Oyunlarında qazancımız 1 gümüş və 2 bürünc medal oldu. Yaponiyada Hacı Əliyev (65 kq) ikinci, Rafiq Hüseynov və Mariya Stadnik isə üçüncü yeri tutdular. Dünya çempionatlarında ümumilikdə 31 (5 qızıl, 6 gümüş, 20 bürünc), Avropa çempionatlarında isə 39 (11 qızıl, 12 gümüş, 16 bürünc) medal əldə edildi. Bundan başqa, Kazanda keçirilən ilk MDB Oyunlarında güləşçilərimiz 16 dəfə bayrağımızı yüksəyə qaldırdı. İdmanın bu növündə 6 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıldı. Güləş başqa çoxşaxəli yarışlarda olduğu kimi, MDB Oyunlarında da ölkəmizin hesabına ən çox medal gətirən idman növü oldu.
Güləşçilərimiz, ümumilikdə 2021-ci ildə nüfuzlu yarışlarda 89 (22 qızıl, 23 gümüş, 44 bürünc) medal qazanıb. Bütün beynəlxalq turnirlər nəzərə alınmaqla qazancımız 143 medal olub ki, bunların da 35-i qızıl, 42-si gümüş, 66-sı isə bürüncdür.
Komanda şəklində qazanılan uğurlar da az olmadı. Makedoniyada keçirilən U-23 Avropa çempionatında sərbəst güləş üzrə millimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medalla 140 xal toplayaraq 3-cü yeri tutdu. Güləşin bu növündə Almaniyada təşkil olunan gənclərin analoji yarışında da komandamız ilk “3-lüy”ü qapadı. Bu dəfə millimiz 3 qızıl, 1 gümüş medalla 119 xal əldə etdi. Gənc yunan-Roma güləşçilərimiz isə Rusiyada baş tutan dünya çempionatında eyni uğura imza atdı. “Klassiklər” 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 101 xal toplayaraq 3-cü yeri tutdu. Norveçdə keçirilən böyüklərin mundialında yunan-Roma güləşi üzrə millimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal yığaraq dünya 3-cüsü oldu. Yeri gəlmişkən, Oslodakı nəticələrə əsasən, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komandalarımız gələn il keçiriləcək Dünya Kubokunda iştirak hüququ qazanıb.
Komanda nəticələrindən danışırıqsa, Bolqarıstanın Samokov şəhərində qazanılan tarixi uğuru xüsusilə qeyd etməliyik. Belə ki, yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət millimiz 4 qızıl və 3 bürünc medalla 153 xal topladı. Beləliklə, Azərbaycanın güləş tarixində ilk dəfə bu yaş qrupu üzrə klassik güləşdə komanda hesabında Avropa çempionu olduq.


Oxunma sayı: 5754

Oxşar yazılar