Almaniyanın gələcək kansleri Rusiya-Ukrayna sərhədindəki vəziyyətdən narahatdır

  • 21:38 - 07 Dekabr

Almaniya Federativ Respublikasının gələcək kansleri, Sosial Demokratların lideri Olaf Şolz Rusiya qüvvələrinin Ukrayna sərhədi yaxınlığında hərəkətindən narahatdır. 

Avropa.info xəbər verir ki, Şolz bunu Azad Demokrat Partiyasının (FDP) lideri Kristian Lindner və Yaşıllar Partiyasının həmsədri Robert Habeklə yeni koalisiya hökumətinin siyasətinə həsr olunmuş birgə mətbuat konfransında deyib. 

Şolz qeyd edib ki, Almaniya Avropa İttifaqını daha da gücləndirmək üçün əvvəlki hökumətin siyasətinə sadiq qalmağa davam edəcək. 

“Dünyanın gələcəyini bir çox nüfuzlu ölkələr formalaşdıracaq. Bu baxımdan Avropanın gələcəkdə qətiyyətli və müstəqil hərəkət edə bilməsi çox vacibdir”. 

Şolz, həmçinin Ukrayna sərhədləri yaxınlığında Rusiya qüvvələrinin toplanmasına münasibət bildirib. O qeyd edib ki, Avropada təhlükəsizlik və əməkdaşlıq əvvəllər razılaşdırılmış prinsiplərə əsaslanmalıdır ki, bu prinsiplərə sərhədlərin toxunulmazlığı da daxildir. 

Şolzun ​​sözlərinə görə, Almaniya, Avropa ölkələri və ABŞ Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi fəaliyyətindən narahatdır. O bildirib ki, Ukrayna üçün təhdidlərin yaranması qəbuledilməz vəziyyətdir. 

Almaniyanın gələcək kansleri ABŞ prezidenti Cozef Baydenin çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə gözlənilən danışıqlarda Ukrayna sərhədindəki vəziyyəti mütləq müzakirə edəcəyinə əmin olduğunu bildirib.


Oxunma sayı: 2454

Oxşar yazılar