Azərbaycanın Qarabağ Zəfəri: Otuz illik işğala, ədalətsizliyə 44 gündə son qoyuldu – ŞƏRH

  • 09:49 - 05 Dekabr

Birinci Qarabağ müharibəsi nəticəsində ərazisinin 20 faizini itirmiş Azərbaycan Respublikası əsasında 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra müxtəlif beynəlxalq əlaqələr çərçivəsində Ermənistan Respublikası ilə uzunmüddətli diplomatik danışıqlar aparmışdır. 2018-ci ildə Ermənistanda baş verən "rəngli" inqilabdan sonra hakimiyyətə gələn Nikol Paşinyanın təxribat xarakterli hərəkətləri, “Qarabağ Ermənistan və nöqtə” kimi populist bəyanatları və işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfərləri sülh danışıqları prosesini ciddi sarsıtdı. 

Təxribatçı hərəkətlərin davamı olaraq 2019-cu ilin martında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-a rəsmi səfəri zamanı “yeni torpaqlar əldə etmək üçün yeni müharibəyə” çağırıb. Tonoyanın bəyanatı təmas xətti boyunca bəzi hərbi təxribatlarla müşayiət olunub. 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya mərmilərinin dəstəyi ilə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərsələr də, buna nail ola bilməyiblər. İyulun 23-də Ermənistan Silahlı Qüvvələri Rusiya ilə birgə hava hücumundan müdafiə sistemləri təlimlərinə başladığını açıqlayıb. Bunun ardınca Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə Azərbaycanda sentyabrın əvvəlinə qədər davam edən silsilə hərbi təlimlər keçirilib. Avqust ayında təmas xəttinin Goranboy istiqamətində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu təxribata cəhd etsə də, görülən tədbirlər nəticəsində itki verərək qrup komandiri, birinci leytenant Qurqin Alberyan geri çəkilib. 

Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistanın beynəlxalq hüquq prinsiplərini pozaraq işğal etdiyi Azərbaycan ərazilərində xeyli sayda YPG və PKK terrorçularını, eləcə də Beyrut limanında baş verən partlayışdan sonra minlərlə Livan ermənisini yerləşdirməsi münaqişələri daha da alovlandırıb. 2020-ci il avqustun sonunda Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın işğal olunmuş Azərbaycan ərazilərində keçirilən qanunsuz hərbi təlimdə iştirakı gərginliyi pik həddə çatdırıb. Erməni tərəfinin bu cür səmərəsiz və təxribat xarakterli bəyanatları və hərəkətləri danışıqlar prosesindən müəyyən fasilə kimi qiymətləndirilib. 

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı tərcüməçi nitqində Ermənistanın təxribatları nəticəsində Azərbaycan əsgərinin və 76 yaşlı mülki şəxsin həlak olduğu, eyni zamanda mülki infrastruktura ciddi ziyan dəydiyi vurğulanıb.  Digər tərəfdən, Azərbaycan prezidenti də iyulun 17-dən sentyabradək hərbi yük təyyarələri ilə Ermənistana min tondan çox hərbi material daşındığını bəyan edib. Azərbaycanın Prezidentinin köməkçisi , Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yayıb. Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısının alınması məqsədilə əks-hərəkət əməliyyatına başlayıb və Azərbaycan Respublikasının sərhədləri daxilində fövqəladə vəziyyət elan edilib.

Münaqişədə Azərbaycan az itki ilə böyük irəliləyiş əldə etdi. Azərbaycan Silahlı Qüvvələri ilkin olaraq bəzi kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra oktyabrın 22-də Qarabağın İranla cənub sərhəddini tamamilə azad edib və oktyabrın 23-də Laçın dəhlizinə doğru irəliləməyə başlayıb. Laçın dəhlizi Ermənistanı Qarabağdakı qondarma birləşmə ilə birləşdirən ən böyük (digərləri ilə müqayisədə) magistral idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş arsenalı və hərbi istehkam materiallarının daşınmasının qarşısını almış olardı. Gün ərzində Azərbaycan ənənəvi olaraq hərbi konvoyların qarşısını almaq üçün Ermənistan ordusunu artilleriya, minaatan və hətta birbaşa və ya idarə olunan raketlərlə vururdu. Müharibə zamanı oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşa işğaldan azad edilib.

Vətən müharibəsinin təfərrüatları hələ tam aydınlaşdırılmayıb. Amma qətiyyətlə demək olar ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə öz yerini əbədi tutacaq. Qarabağın tacı və döyünən ürəyi olan Şuşa təbii istehkam mövqeyində olduğundan bura nə tanklarla, nə də başqa ağır hərbi maşınlarla daxil olmaq mümkün deyildi. Şuşanı götürməyin iki yolu var idi. Bunlardan birincisi şəhərdəki düşmən qüvvələrinin hava zərbələri və artilleriya atəşi ilə məhv edilməsi idi. Azərbaycan Ordusunun komandanlığı bu yolu seçməyiblər. Çünki şəhərin bombalanması böyük dağıntılara səbəb olardı. Buna görə də alternativ yol kimi döyüş taktikası seçildi. İgid əsgər və zabitlərimiz yüngül silahlarla qaranlıq meşələrdən, dərin çaylardan, qayalardan, dağlardan keçərək düşməni üzbəüz döyüşdə məhv ediblər. 

Şuşa uğrunda toqquşmalar gedərkən Xankəndində olan xarici jurnalistlərdən biri ermənilərin acınacaqlı vəziyyətini bu sözlərlə izah edirdi: “Şuşanın müdafiəçiləri acınacaqlı halda dağılışdılar. Hərbi təcili yardım maşınları qan içində onlarla yaralını Xankəndi xəstəxanasına aparır. Qalan döyüşçülər yorğun halda dağdan enirlər, yol boyu hərbi geyimlərini soyunurlar. Təcili yardım maşınları gəlir və gedir. Üst-üstə yığılmış maşınlarda yaralı əsgərlər. Onların xəsarətləri yaxın döyüşün sübutudur”. Həmin gün “Le Monde” nəşrinin başqa bir müsahibəsində erməni ordusunun məğlub olan əsgərlərinin Şuşanı tərk edərək Xankəndinə qaçdıqları bildirilir. Noyabrın 8-də Şuşanın işğaldan azad edildiyini müjdəsini xalqımıza müzəffər Ali Baş Komandan İlham Əliyev verdi. Şuşadakı qələbə əslində müharibənin taleyini müəyyən etdi. Ertəsi gün xəbər gəldi ki, 70-dən çox kənd işğaldan azad edilib və bir gün sonra Paşinyan Azərbaycan prezidentinin şərtlərini qəbul edib kapitulyasiyaya imza atmalı olub. Noyabrın 10-da Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti münaqişə zonasında bütün hərbi əməliyyatların tam dayandırılması ilə bağlı bəyanat imzalayıblar. Bu bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də Laçın bir nəfər də olsun şəhid vermədən azad edildi. Bəyannamədə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb əyalətləri arasında yeni nəqliyyat xətlərinin çəkiləcəyi də bildirilirdi. Nəticədə Azərbaycanın hərbi qələbəsi Ermənistanı təslim olmağa məcbur etdi.

Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alaraq, düşmənə sarsıdıcı zərbələr endirməklə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları əldə olunan nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə saysız-hesabsız təbrik və təşəkkür mesajları göndərmişlər. 

Digər tərəfdən, sentyabrın 27-dən Bakının küçələrində, evlərin eyvanlarında, mağaza və iş yerlərinin çöllərində üçrəngli Azərbaycan bayrağı dalğalanmağa başlayıb. Azərbaycan xalqı cəbhədə qazanılan uğurların və bəzi rayonların işğaldan azad edilməsinin şərəfinə evlərini bayraqlarla bəzədi. 

Dünyada baş verən bir çox münaqişələrin, müharibələrin tarixinə diqqət yetirsək, görərik ki, güclü tərəf həmişə son nöqtəni qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda apardığı 44 günlük Vətən Müharibəsi bunun ən son nümunəsidir. Ötən 17 ildə düşmənin başını dəmir yumruqla əzərək gücləndik. Otuz illik işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.

Saleh Qafarlı
Avropa.info

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə" mövzusunda hazırlanmışdır.


Oxunma sayı: 991

Oxşar yazılar