Sumqayıtda şəhidlərimizin xatirəsinə həsr olunmuş bulağın açılışı olub – FOTO

  • 09:20 - 05 Dekabr

Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binanın qarşısında Laçın rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Kamaz markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçuları Orxan Rəhimli və Coşqun Zeynallının xatirəsinə həsr olunmuş bulağın açılışı olub. 

Avropa.info xəbər verir ki, tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Sumqayıt şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələrilə iş üzrə şöbənin müdiri Tərlan Hacızadə, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Hüseynov, H.Z.Tağıyev qəsəbəsi Ağsaqqallar Şurasının sədri Ariz Qafarov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərimizin yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurub: "Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. Belə ki, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu".

Sonra çıxış edən şəhidlərin döyüş yoldaşları onlarla bağlı xatirələrini bölüşüblər.

Şəhidlərimizin yaxınları göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Qubadlı rayonunun Qiyaslı kəndindən olan Rəhimli Orxan Elxan oğlu 1992-ci il 20 iyun tarixində Sumqayıt şəhərində anadan olub. 1997-ci ildə Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Laçın rayonu, Fizuzəddin Cəfərov adına məktəbə daxil olub, 2008-ci ildə həmin məktəbi bitirib. Məktəbi bitirdikdən sonra Cəlilabad şəhərində yerləşən N saylı hərbi hissədə xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra Quba Texniki Kollecində “Yol hərəkətinin təşkili” ixtisası üzrə təhsil alıb. 2014-cü ildən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) vəzifəsində çalışmışdır. Aprel döyüşlərində iştirak edib. 

İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının azad olunmasında iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə göstərdiyi şücaətə görə Laçın və Füzuli rayonlarının azad olunmasına görə medalları ilə təltif olunub.

28 iyun 2021-ci ildə Laçın rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən "Kamaz" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Rəhimli şəhid olub. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Ailəli idi, Hüseyn və Pəri adında iki övladı var. 

Zeynallı Coşqun Çingiz oğlu, 1993-cü il sentyabr ayının 27-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 19 saylı tam orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra Zaqatala rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. Daha sonra N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) vəzifəsində çalışıb. Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Laçın, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan və Kəlbəcərin azad edilməsinə görə medalları ilə təltif olunub.

28 uyun 2021-ci ildə Laçın rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən Kamaz markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zeynallı Coşqun şəhid olmuşdur. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!


Oxunma sayı: 1112

Oxşar yazılar