Məlum olandan xeyli çox “Bayraktar” göndərilibmiş... - Üstəlik daha 24 vahid göndəriləcək

  • 21:30 - 04 Dekabr

Türkiyə Ukraynaya əvvəl məlum olandan xeyli çox sayda “Bayraktar TB2” zərbə pilotsuz təyyarəsi göndəribmiş. virtualaz.org xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi Türkiyənin hökumət dairələrindəki mənbələrə istinadən bildirir.

Qeyd edək ki, Ukraynanın indiyədək Türkiyədən cəmi 12 vahid “Bayraktar TB2” aldığı rəsmən məlum idi. Eyni zamanda tərəflər bu PUA-ların Ukraynada birgə istehsalı barədə müqavilə imzalamışdılar.

 

 

Lakin indi “Bloomberg” bildirir ki, Ukraynanın sərəncamında onlarla belə döyüş pilotsuz təyyarəsi var. Ən azından 24 vahid “Bayraktar” isə yaxın gələcəkdə göndəriləcək.

Ukrayna ordusu bu yaxınlarda Donbassda separatçıların artilleriya mövqeyinə ilk dəfə “Bayraktar”dan zərbə endirib. Bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin Ukraynaya “Bayraktar TB2” zərbə PUA-larının təchizatı ilə bağlı məsələni qaldırmışdı və bundan narahatlığını bildirmişdi.

Ukraynanın sərəncamında onlarla “Bayraktar TB2” zərbə PUA-sının olduğu Rusiyanın bu ölkə sərhədləri boyu qoşun cəmləşdirməsi və hərbi müdaxiləyə hazırlaşması fonunda üzə çıxır.

virtualaz.org


Oxunma sayı: 8581

Oxşar yazılar