"İrəvan Türkiyə və Azərbaycanla dialoqa getməyə məcburdur" - Erməni ekspert

  • 16:03 - 03 Dekabr

Ermənistan parlamentinin  keçmiş deputatı Cənubi Qafqazda üçüncü ölkələrin, o cümlədən Rusiyanın iştirakı olmadan birbaşa dialoqa çağırıb

"Ermənistanın Türkiyə və Azərbaycanla dialoqa ehtiyacı var. Bu cür əlaqələr heç bir vasitəçi olmadan qurulmalıdır".

Avropa.info xəbər verir ki, bu fikri “Anadolu” agentliyinə müsahibəsində Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin İdarə Heyətinin sədri, Milli Məclisin (parlament) Ermənistan Milli Hərəkatından keçmiş deputatı Stepan Qriqoryan deyib. 

Qriqoryan 2020-ci ildə 44 günlük müharibənin nəticələri və regionda münasibətlərin normallaşdırılması mövzusunu şərh edib. 

Onun fikrincə, Cənubi Qafqazda İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması üçün şərait formalaşıb. 

“Ermənistan müharibəni uduzdu və indiki mərhələdə zəifdir. Hökumət Türkiyə və Azərbaycanla dialoqa getməyə məcburdur, lakin vasitəçisiz danışıqlar olmalıdır. Proses çoxtərəfli formatda deyil, ikitərəfli müstəvidə baş verməlidir”, - Qriqoryan bildirib. 

Ekspert Türkiyənin regionda Rusiyaya alternativ ola biləcəyini istisna etməyib. 

“Türkiyə balanslı və proqnozlaşdırıla bilən siyasət yürüdən ölkədir. Söhbət Ankaranın xarici siyasət kursunun xoş olub-olmamasında deyil. Ankara ciddi siyasət yürüdərkən öz maraqlarını güdür və onlara əsaslanmaqdadır”. 

Qriqoryan Türkiyə və Azərbaycanın Zəngəzur bölgəsində dəhliz açmaq təklifini ağlabatan adlandırıb. “Türkiyə Naxçıvan (Azərbaycan - red.) vasitəsilə Ermənistandan Azərbaycana və daha da Mərkəzi Asiyaya avtomobil və dəmir yolu marşrutları yaratmağa çalışır. Beləliklə, Ankara ortaq tarix, mədəniyyət və dillə bağlı olduğu ölkələrlə yaxınlaşmağa çalışır. Bu, başa düşülən bir istəkdir. Bu marşrutun Ermənistanın özünün maraqlarına zidd olduğunu deyə bilmərik. Rusiya da bu ideyanı dəstəkləyir və bu istiqamətdə İrəvana təzyiq göstərir”, - deyə erməni ekspert bildirib. 

Onun sözlərinə görə, “dəhliz” terminologiyasının özü Ermənistan cəmiyyətində narazılığa səbəb olur. Bu marşrutun Türkiyə və Rusiya Federasiyasının nəzarətində olacağı ideyası formalaşır. “Düşünürəm ki, Rusiya tərəflərin mövqelərini manipulyasiya etməyə çalışır. Ona görə də danışıqlar vasitəçilərsiz aparılmalıdır”, - Qriqoryan bildirib. 

O xatırladıb ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına dair əvvəlki danışıqların yolunda əsas maneə məhz Qarabağ məsələsi olub. “Azərbaycan hazırda yeddi rayona, o cümlədən Şuşa və Hadrut da daxil olmaqla Qarabağın bir hissəsinə nəzarət edir. Bu gün bizim sülhün bərqərar olması üçün əvvəlkindən daha çox şansımız var. Tərəflər vasitəçi olmadan danışıqlar apara bilər”, - ekspert vurğulayıb. 

Qorigoryan qeyd edib ki, Moskva hətta Ermənistan-Türkiyə protokollarının imzalanması zamanı İrəvan, Ankara və Bakı arasında münasibətlərin normallaşmasına qarşı çıxıb. “O zaman qəbul edilmiş səhv qərarlar ona gətirib çıxardı ki, Ermənistanın təhlükəsizliyi və iqtisadiyyatı tamamilə Rusiyaya həvalə edilib. Və son müharibə zamanı Moskva bizə dedi: “Bağışlayın, lakin hazırda bizim maraqlarımız sizin müdafiənizi nəzərdə tutmur”. Biz tək qaldıq. Qərbin mövqeyinin əksinə olsa da, Ermənistan BMT, Avropa Şurası və İƏİT-də Rusiyanı dəstəkləyib. Rusiya Qarabağ müharibəsi günlərində bizdən üz döndərərək, bizə “təşəkkür etdi”. Rusiya Ermənistan üçün etibarlı tərəfdaş deyil. Türkiyə daha etibarlıdır”, - ekspert bildirib.


Oxunma sayı: 2806

Oxşar yazılar