Təyyarəsini düşmən texnikasına çırpan şəhidimiz - VİDEO

  • 11:33 - 03 Dekabr

Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Hərbi Hava Qüvvələrimizin pilotu, polkovnik Zaur Nudirəliyevin döyüş zamanı hansı şəraitdə şəhid olduğu açıqlanıb.

Avropa.info xəbər verir ki, bu barədə onun döyüş yoldaşları danışıb.

İTV-nin hazırladığı “Savaş şahini Zaur Nudirəliyev” adlı sənədli filmdə çıxış edən şəhid pilotun döyüş yoldaşı polkovnik-leytenant Reyhun Fərmanov bildirib ki, Zaur Nudirəliyev təkcə düşmən mövqeyinə bombaları atmaqla kifayətlənməyib:

“Oktyabrın 4-ü təxminən saat 12:15 radələri olardı, düşmənin hava hücumundan müdafiə vasitələrinin qoşulması haqqında kəşfiyyat məlumatı alan kimi, mən onun çağırışını çağırdım ki, məhvetmə zonasına girməsin. Amma Zaur uçuşunu davam etdirdi, bizi dinləmədi.

O qədər əzmli idi ki, çətin vəziyyətdə olan quru qoşunlarımızın qarşısı açılsın deyə, təyyarəsi ilə götürdüyü döyüş sursatlarını təyin olunmuş koordinata atdı. Güman edirəm ki, çıxış zamanı düşmənin hava hücumundan müdafiə vasitələri ilə onun təyyarəsini zədələdilər. Biz onun təyyarəsini düşmənin artilleriya mövqeyinin içərisində tapdıq. Təyyarəni sağ-salamat geri gətirə bilməyəcəyinə əmin olduqdan sonra, onu düşmənin artilleriya mövqeyinə çırparaq ermənilərə ciddi itkilər vermişdi”.

Mayor Mircəlal Seyidov Zaur Nudirəliyevin şəhid olduğu gün onunla eyni vaxtda səmada olub:

“Şəhid olduğu gün bir yerdə uçuş həyata keçirdik. Öndə uçan təyyarədə o idi, arxada isə mən. Havada olarkən məni geri qaytardılar. Onda xəbər tutdum ki, Zaur Nudirəliyev şəhid olub”.

Mayor Amil Babayev isə bildirib ki, Zaur Nudirəliyevin hətta katapultla təyyarəni tərk etmək imkanı olub:

“Amma o, bunu etməyib. Təyyarəni düşmənin mövqeyinə çırpmışdı. Bu da insanın böyük ürək sahibi olduğunu sübut edir. Bundan böyük qəhrəmanlıq ola bilməz”.

Qeyd edək ki, 42 yaşlı Vətən Müharibəsi Qəhrəmanı Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində 12 uçuş həyata keçirdərək düşmənin dayaq məntəqələrini, canlı qüvvələrini məhv edib, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olmasını təmin etmişdi.


Oxunma sayı: 2245

Oxşar yazılar