"Qərb ölkələri razılaşma əldə oluna bilər" – İranın xarici işlər naziri

  • 13:26 - 02 Dekabr

Qərb ölkələri nüvə sazişi ilə bağlı Vyanada davam edən danışıqlarda xoşməramlılıq nümayiş etdirsələr, razılaşma əldə oluna bilər. 

Avropa.info xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Twitter” səhifəsində yazıb. 

Nazir qeyd edib ki, o, hazırda Vyanada olan müavini, İrandan olan baş müzakirəçi Əli Baqiri ilə gündəlik əlaqə saxlayır. 

İran diplomatiyasının rəhbəri bildirib ki, danışıqlar sanksiyaların sərtliyi və ləğvi kimi əsas prioritetlərə uyğun olaraq gedir. 

“Qərb xoşməramlı olsa, yaxşı razılaşma əldə oluna bilər. Tehran rasional, balanslaşdırılmış və nəticəyönümlü dialoqa can atır”, - Abdullahiyan bildirib. 

Qeyd edək ki, noyabrın 29-da Avstriyanın paytaxtı Vyanada İran və “4+1” qrupuna daxil olan ölkələrin iştirakı ilə nüvə sazişi (Birgə Hərtərəfli Fəaliyyət Planı – JCPOA) üzrə danışıqların yeddinci raundu başlayıb. 

Sazişin yenilənməsi və ABŞ-ın ona qayıtması ilə bağlı danışıqlar bu ilin iyununda dayandırılıb. 

Avropa İttifaqı nümayəndə heyətinə iclasa sədrlik edən Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) siyasi məsələlər üzrə baş katibinin müavini Enrike Mora rəhbərlik edir. İclasda həmçinin İran və sazişdə iştirak edən ölkələrin (Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) nümayəndələri iştirak edir. 

Vyanada danışıqların altıncı raundu iyunun 20-də baş tutub. Avstriyanın paytaxtında danışıqlar İranda hakimiyyət dəyişikliyi ilə əlaqədar dayandırılıb. 

Birgə Hərtərəfli Fəaliyyət Planı kimi də tanınan nüvə sazişi 2015-ci ildə İran və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa), eləcə də Almaniya arasında imzalanıb. Sənəd Tehrana uranın zənginləşdirilməsini 3,67 faizədək davam etdirməyə icazə verir və hasilatı 300 kiloqrama qədər məhdudlaşdırır. 

ABŞ birtərəfli qaydada nüvə sazişindən çıxdıqdan sonra İran saziş üzrə öhdəliklərini dayandırıb.


Oxunma sayı: 2289

Oxşar yazılar