Akademik Musiqili Teatrdan Novruz Qartalla bağlı açıqlama

  • 22:15 - 01 Dekabr

Son vaxtlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Əliyevin səhhəti ilə bağlı teatra müraciətlər olunur.

Avropa.info-nun məlumatına görə, teatrdan bildirilib ki, Novruz Əliyev (Qartal) noyabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əməliyyat olunub. 

Məlumatda daha sonra deyilir:

"Təbii ki, pandemiya ilə əlaqədar olaraq xəstə ziyarətinə qızından başqa heç kəs, hətta digər ailə üzvləri belə buraxılmayıb. Dünən isə xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir.

N.Əliyev 1968-ci ildən Musiqili Teatrda işləməyə başlayıb. Bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi "Tənqid-təbliğ" Teatrında (1989-cu ildən) çalışsa da, müəyyən fasilədən sonra 1996-cı ildən yenə də Musiqili Teatra qayıdıb və bu günə qədər də burada fəaliyyətini davam etdirir.

Musiqili Teatrda ona hər zaman diqqət ayrılıb, əməyinə yüksək qiymət verilib. Təqaüd yaşına çatmasına baxmayaraq, bu gün də o, teatrın aktyor heyətinin üzvüdür, yaşına və yaradıcılığına uyğun rollarda çıxış edir. Teatr rəhbərliyinin və Mədəniyyət Nazirliyinin təqdimatı ilə N.Əliyev dəfələrlə (2003, 2004, 2015, 2016, 2017, 2018-ci illərdə) "Prezident mükafatı"na, 2013-cü ildə isə ölkə başçısının sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.

İstər teatrlar pandemiya səbəbindən qapalı olduğu zamanlarda, istərsə də ondan  əvvəlki və sonrakı dönəmlərdə Novruz Əliyevin səhhətində yaranan problemlərə görə teatr rəhbərliyi hər zaman onun yanında olub, iş yoldaşları aktyorun ailəsinə, evinə baş çəkiblər, ona maddi və mənəvi köməklik göstərilib".


Oxunma sayı: 936

Oxşar yazılar