"Türkiyənin siyasi və iqtisadi istiqbalını BVF və bənzər qlobal güclərə təslim etməyəcəyik" - Ərdoğan yeni iqtisadi islahatlar paketi haqda (VİDEO)

  • 16:26 - 01 Dekabr

"Möhtəkirlərə bu ölkəni məzar edəcəyik. Möhtəkirlik dinimizdə haramdır, siz bunu edə bilməzsiniz. Bunu edənlər varsa, bədəlini ödəyəcəklər".

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə Prezidenti yeni iqtisadi islahat siyasətindən danışıb.

"Biz indi bu dinamik prosesin yeni mərhələsindəyik. İnvestisiya, məşğulluq, istehsal və ixracyönümlü böyümə strategiyası ilə yolumuza davam edəcəyimiz bu yeni siyasət öz-özünə yaranmayıb. Son 19 ildə millətimizə göstərdiyimiz hər xidmət, etdiyimiz hər sərmayə, makro iqtisadiyyatda qurduğumuz hər balans bu sıçrayışa hazırlıq məqsədi daşıyırdı. Təhsildən səhiyyəyə, nəqliyyatdan energetikaya kimi bütün sahələrdə infrastrukturun zəif olduğu bir ölkədə belə köklü və iddialı dəyişikliyi reallaşdırmaq mümkün deyildi. Əslində, mərhum Menderesdən mərhum Özala qədər bir çox dövlət adamları eyni məqsəd üçün hərəkətə keçdilər. Amma bütün bu cəhdlərin önü dövlət çevrilişi şəklində müxtəlif təzahürlərlə kəsdi. Şübhəsiz ki, bu xəyanətlərin arxasında Türkiyənin öz bölgəsində və dünyada söz sahibi olmasını istəməyənlər, ötən əsrin qlobal idarəetmə nizamını quranlar var idi. Ölkəmiz BVF ilə ilk müqavilə bağladığı 1947-ci ildən iqtisadi siyasətimiz və ümumiyyətlə siyasi sistemimiz bu qlobal sistemin nəzarətində idi.

Menderesdən Özala, rəhmətlik Ərbakan hocamızdan dövrümüzə qədər bu sistemdən çıxıb ölkəni öz axarı ilə döndərmək istəyənlər qanunsuz və əxlaqsız hücumlara məruz qalıb. Buna baxmayaraq millətimiz hər çevriliş, hər böhranın ardından öz dəyərlərini, tarixini, mədəniyyətini və real gücünü bir araya gətirəcək kadrların yolunu açdı. Türkiyənin siyasi və iqtisadi istiqbalını BVF (Beynəlxalq Valyuta Fondu:red) və bənzər qlobal güclərə təslim etməyəcəyik", - deyə Ərdoğan qeyd edib.

Avropa.info


Oxunma sayı: 7426

Oxşar yazılar