Qırğızıstandakı seçkilərdə MSK-nın saytına haker hücumu – Prezident səsləri yenidən saymağı tapşırdı

  • 13:05 - 29 Noyabr

Qırğızıstanda parlament seçkilərində baryeri aşa bilməyən partiyaların liderləri bazar günü keçirilən parlament seçkilərində (Jokorku Keneş) səslərin yenidən sayılmasını tələb ediblər. 

Avropa.info xəbər verir ki, “Ata Meken”, “Azattık”, “Uluttar Birimdigi” və Sosial Demokratlar partiyalarının liderləri, eləcə də bəzi namizədlər mətbuat konfransı keçirərək, səsvermənin nəticələri ilə razılaşmadıqlarını bildiriblər. 

Siyasətçilər xatırladıblar ki, bir gün əvvəl Qırğızıstan Mərkəzi Seçki Komissiyasının rəsmi saytında texniki problem yaranıb və bu, “səsvermə məlumatlarında dəyişiklik etməyə imkan verib”. 

Onların fikrincə, müxalifət partiyalarına verilən səslər aşağı salınaraq iqtidaryönlü siyasi qüvvələrin xeyrinə hesablanıb. 

Ölkənin Mərkəzi Seçki Komissiyasının saytı seçkilər günü haker hücumuna məruz qalıb. Təhlükəsizlik Şurasının katibi Marat İmankuliyevin sözlərinə görə, haker hücumları başqa ölkələrdən həyata keçirilib. İmankuliyev bildirib ki, bu hücumların 20 ölkədən edildiyi təxmin edilir. Hücum zamanı komissiyanın serverləri ziyan görməyib.

Prezident Sadır Cəfərov isə Facebook səhifəsində yazıb ki, MSK-ya bülletenləri əl ilə yenidən saymağı tapşırıb. 

Qırğızıstanda parlament seçkiləri bir gün əvvəl, noyabrın 28-də keçirilib. 

Seçkilərdə 21 partiyadan 1015 namizəd və 275 müstəqil namizəd iştirak edib. 

İlkin məlumatlara görə, altı siyasi qüvvə seçki baryerini keçərək 90 yerlik parlamentdə mandat ala bilib.


Oxunma sayı: 2542

Oxşar yazılar