Ərdoğan Türkmənistanda - Liderlər Oğuzxan sarayında görüşdülər: "Ata yurduna gəldiyim üçün bəxtiyaram" (FOTO)

  • 21:30 - 27 Noyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana işgüzar səfər edib. 

Avropa.info xəbər verir ki, Ərdoğanla Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Oğuzxan sarayında təkbətək görüşündən sonra, liderlər mətbuat konfransı keçiriblər.

Ata yurduna gəlməkdən bəxtiyar olduğunu bildirən Ərdoğan, Berdiməhəmmədova qonaqpərvərliyinə görə təşəkkür edib.

"Biz ilk növbədə ticarət həcmimizi 5 milyard dollara çatdırmaq üçün lazımi addımları atmaqda qərarlıyıq. Biz enerji, eləcə də quru və hava nəqliyyatı sahəsində əməkdaşlığımızı yaxşılaşdırmaq üçün nə edə biləcəyimiz barədə fikir mübadiləsi apardıq. Tarixi qardaşlıq və mədəni tərəfdaşlığa əsaslanan strateji əməkdaşlığımız mövcuddur.

Bu gün imzaladığımız birgə bəyannamə eyni zamanda 9 maddədən ibarətdir və bu sazişlə biz qardaş Türkmənistanla münasibətlərimizin müqavilə əsasında daha da möhkəmləndirmişik. İnşallah sabah İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı münasibətilə yenidən görüşəcəyik. Türk Birliyi çərçivəsində digər dost və qardaş ölkələrin rəhbərləri ilə əməkdaşlığımızı necə davam etdirə bilərik, onları bir-bir müzakirə etmək imkanımız olacaq. Qonaqpərvərliyə görə Berdiməhəmmədova və bütün Türkmənistan rəsmilərinə minnətdarlığımı bildirir, danışıqlarımızın və imzaladığımız sənədlərin xeyirli olmasını Rəbbimdən diləyirəm. Türkiyə Türkmənistanın müstəqilliyini tanıyan və Aşqabadda səfirliyini açan ilk ölkədir. Türkmənistan prezidentini ilk dəfə qatıldığı Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının keçirildiyi İstanbulda qonaq etdik. Türkmənistanın da aramıza qatılması ilə ailə fotomuz tamamlandı", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğan Türkmənistanın Dövlət nişanı ilə təltif edilib. 

Avropa.info


Oxunma sayı: 6997

Oxşar yazılar