"Taliban" hökuməti: Əfqanıstanın Türkiyənin dəstəyinə ehtiyacı var

  • 18:37 - 27 Noyabr

Əbdül Kəbirin sözlərinə görə, Kabil Ankaranın Əfqanıstan iqtisadiyyatına aktiv şəkildə investisiya qoymasını gözləyir

Əfqanıstanda "Taliban"ın qurduğu hökumətdə baş nazirinin müavini Mövləvi Əbdül Kəbir Kabilin Ankaranın dəstəyinə ehtiyacı olduğunu bildirib. Avropa.info xəbər verir ki, "Taliban" nümayəndəsi bunu Türkiyənin Kabildəki səfiri Cihad Erginay ilə görüşdə deyib. 

Əbdül Kəbirin sözlərinə görə, Kabil Ankaranın Əfqanıstan iqtisadiyyatına aktiv şəkildə investisiya qoymasını gözləyir. “Ölkələrimiz arasında uzun illərdir dostluq münasibətləri qurulub və bu fakt sevindirici haldır. Biz Türkiyə Koordinasiya və Əməkdaşlıq Agentliyinin (TİKA) Əfqanıstandakı fəaliyyətini yüksək qiymətləndiririk”. 

Əbdül Kəbir Əfqanıstandakı qadınların vəziyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, əfqan qadınları bir çox sahələrdə işləməyə davam edirlər və qızlar 2022-ci tədris ilində məktəbə davam edəcəklər. 

Türkiyəli diplomat da öz növbəsində xatırladıb ki, Ankara Türkiyə Qızıl Aypara və müxtəlif QHT-lər vasitəsilə Əfqanıstanda ehtiyacı olan ailələrə dəstək verir. 

Səfir TİKA-nın Əfqanıstandakı fəaliyyəti barədə də məlumat verib və Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə buğda toxumu partiyası verməklə dəstək verdiyini xatırladıb. “Türkiyə iş adamları Əfqanıstana sərmayə qoymaq istəyirlər və bir qrup iş adamının yaxın həftələrdə Kabilə gəlməsi planlaşdırılır”, - səfir bildirib.


Oxunma sayı: 5028

Oxşar yazılar