BƏƏ Türkiyə iqtisadiyyatına 100 milyard dollar sərmayə qoyur : bin Zayed bu gün Ankarada Ərdoğanla görüşəcək - İngilis mediası AÇIQLADI

  • 14:07 - 24 Noyabr

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nahyan Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə gələcək.

Avropa.info xəbər verir ki, mərkəzi ofisi Londonda olan, Yaxın Şərqlə bağlı xəbərləri ilə tanınan "Middle East Eye" xəbər saytı əl Nahyanın Türkiyəyə böyük bir sərmayə ilə gəldiyini bildirərək, rəqəm açıqlayıb.

Saytın yazdığına görə, Məhəmməd bin Zayed bu ilin əvvəlində Ərdoğanla telefon danışığı zamanı Türkiyəyə 100 milyard dollar sərmayə qoymağa hazır olduğunu deyib.

Digər mənbələr isə məbləğin ən az 10 milyard dollar olduğunu ifadə etdi. “Hər iki məbləğ Türkiyə iqtisadiyyatı üçün təsirli rəqəmlərdir”, - deyə "Middle East Eye" saytı yazısında qeyd edib.
 

Saytın yazdığına görə, Abu Dabi İnvestisiya Təşkilatı və Əbu Dabi kral ailəsinə yaxın şirkətlər Türkiyədə səhiyyə, maliyyə texnologiyası və digər sahələrə milyardlarla sərmayə qoymağı hədəfləyir.

“Türkiyə rəsmiləri bu sərmayənin hər iki tərəf üçün uduşlu olacağını deyirlər”, - deyə  "Middle East Eye" qeyd edib.

Xatırladaq ki, uzun illərdir Türkiyə ilə BƏƏ arasında soyuq münasibətlər mövcud idi. Lakin bu ildən etibarən münasibətlərdəki buzlar əriməyə başladı. BƏƏ və Türkiyə rəsmiləri qarşılıqlı olaraq səfərlər təşkil etdilər. Bu ilin 31 avqustunda isə Ərdoğanla əl Nahyan arasında telefon danışığı baş tutmuşdu. 

Avropa.info


Oxunma sayı: 11914

Oxşar yazılar