"Ərdoğanın səfəri əsas söz sahibinin Türkiyə və Azərbaycan olduğunu bir daha nümayiş etdirir" - Qulamhüseyn Əlibəyli

  • 18:21 - 27 Oktyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri və səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılması, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması mühüm əhəmiyyətli tarixi hadisə kimi qiymətləndirilməlidir. 

Bu sözləri Avropa.info-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin - Azərbaycanla Türkiyə arasında avtomobil və dəmir yolu dəhlizinin yaradılmasının beynəlxalq,  geosiyasi və geoiqtisadi əhəmiyyətini inkar etmək olmaz və adı çəkilən avtomobil yolu bu dəhlizin başlanğıcı hesab oluna bilər:  

"Zəngəzur dəhlizinin açılması Azərbaycan Türkiyə və Türk dünyası ilə birbaşa əlaqələndirməklə və ikitərəfli əlaqələrin inkişafına öz ciddi töhfəsini verməklə yanaşı, bölgə dövlətləri arasında kommunikasiyaların möhkəmlənməsində əhəmiyyətli pol oynayacaq, ümumiyyətlə iqtisadi əlaqələri daha da inkişaf etdirəcək. Cənab Ərdoğanın bəyan etdiyi kimi, “bu regiondan keçəcək quru və dəmir yolları təkcə Azərbaycana və Türkiyəyə xidmət etməyəcək”. Başqa sözlə, bu dəhlizin reallaşmasından bütün region ölkələri faydalana biləcəklər.  

Bütövlükdə, cənab Ərdoğanın Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılması Zəngəzur dəhlizinin təməlinin qoyulması bölgədə əsas söz sahibinin artıq Türkiyə və Azərbaycan olduğunu bir daha nümayiş etdirir".


Oxunma sayı: 6854

Oxşar yazılar