“İfşa”nın ideya müəllifi: "Gənclərimizin gələcəyinə müsbət təsir edəcək layihələri çox etmək lazımdır"

  • 16:02 - 28 Oktyabr

Azərbaycanın ilk polis serialı olan “İfşa”nın ideya müəllifi və layihə rəhbəri Ramiz Alıyevin APA-ya müsahibə verib. Avropa.info həmin müsahibəni təqdim edir.

- Cinayətkarlıqla mübarizə və vətənpərvərliyin təbliği mövzusunda serialların çəkilməsinə nə dərəcədə ehtiyac hiss olunur?

- “İfşa” serialının əsas məqsədi narkomaniya və insan alverinə qarşı mübarizə aparmaqla yanaşı, həm də Azərbaycan gənclərinin vətənpərvər ruhda böyüməsinə, cinayət və cinayətkarlardan uzaq olmasına nail olmaqdır. Bu gün bütün hüquq-mühafizə orqanları, xüsusən də polis əməkdaşları həm ölkəmizin təhlükəsizliyini qoruyur, həm də Azərbaycan gənclərinin narkotiklə zəhərlənməsinin qarşısını alırlar, eyni zamanda insan alverinə qarşı kəskin mübarizə aparırlar. Ancaq görünən odur ki, 44 günlük Vətən müharibəsində qalib gəlməyimiz bir çox xarici düşmənlərimizi rahat buraxmayıb. Onlar hər vəchlə çalışırlar ki, gənclərimizi zəhərləsinlər, hal-hazırda ən çox təsadüf olunan narkotikin kristal tərkibli olan növüdür. Biz də xalq olaraq buna imkan verməməliyik! Bu işdə vətəndaş cəmiyyətinin üzvlərinin və KİV nümayəndələrinin üzərinə böyük yük düşür. Heç kim inciməsin sözümdən, bu gün televiziyalarda göstərilən film və serialların, demək olar ki, 99%-i gənclərimizin zərərinə işləyən layihələrdir. Baxın, əksəriyyətində ailə problemləri, boşanmalar, gəlin-qayınana davaları və beləliklə ailə dəyərlərinin yerə atılması göstərilir! Vətənpərvərliyi təbliğ edən, cinayətkarlıqla mübarizə mövzusunda, demək olar ki, nə film, nə də serial var!

- SizcəŞ televiziyalarımız belə filmlərin nümayişinə niyə çox da maraqlı deyillər?

- Bu gün DİN-nin sosial şəbəkədə olan rəsmi səhifələrində narkomaniya, insan alveri və digər cinayətkarlıqlarla bağlı kifayət qədər maarifləndirmə işləri aparılır, ancaq televiziyalarımızın əksəriyyəti hələ də gözləmə mövqeyindədir. Mən bunun səbəbini çox gözəl bilirəm və növbəti müsahibələrimdə yəqin ki, açıqlayacam. Sanki bu cür layihələrin çəkilməsi bir çox televiziya rəhbərinin marağında deyil. Əlbəttə ki, hansısa layihənin işlənməsi ilə bağlı dövlət özəl kanallara təsir edə bilməz. Gərək, özəl kanallar özləri bu layihələrə maraqlı olsun. Eyni zamanda bütün təşkilatlar da bu cür maarifləndirici layihələrə maraq göstərməlidirlər. Dövlət kanallarına isə narkomaniya və insan alverinə qarşı mübarizə ilə bağlı maliyyə ayrılır ki, bu cür layihələri gerçəkləşdirsinlər. Amma bu cür layihələr çəkilirmi? Söhbət ciddi işlərdən gedir! Görüntü üçün yalandan hay-küy salmaqdan yox! Eyni ilə aidiyyəti qurumlar bu cür maarifləndirici layihələrə dəstək durmalı, sayını çoxaltmalıdırlar. Bir neçə ay öncə DİN hər kəsə, xüsusən də video-bulogerlərə, sosial şəbəkələrdə fəal olan insanlara, tanınmış şəxslərə çağırış etdi ki, narkomaniya ilə bağlı video-roliklərin paylaşımlarına dəstək olsunlar. Eyni zamanda nazirlik tərəfindən müsabiqə elan edildi ki, narkomaniya ilə bağlı video-çarxlar çəkilsin! Buna görə maliyyə də ayrıldı! Nəticə nə oldu?! Kimlər maraq göstərdi? Kimlər dəstək oldu? Hansı tanınmış şəxslər bu marafona qoşuldu? Əksəriyyət özünü uzaq tutdu. Səbəb? Səbəbi biz bilirik, əlbəttə!

Həqiqətən də biz istəyiriksə gənclərimiz narkomaniyadan uzaq olsun, insan alverinin qurbanına çevrilməsin, dini ekstremizmin təsirinə düşməsin, vətənpərvər böyüsün və dövlətçi olsunlar, baxın, o zaman bu cür maarifləndirici layihələrə dəstək olmalıyıq! Gənclərimizin gələcəyinə müsbət təsir edəcək layihələri çox etmək lazımdır. Necə ki, bu gün qardaş ölkə olan Türkiyə bu cür layihələrlə dünyaya meydan oxuyur. Baxın görün, Türkiyədə çəkilən film və serialların neçə faizi “qayınana-gəlin” münasibətlərindən bəhs edir?!! Demək olar ki, 1% də yoxdur! 90% serial və filmlər vətənpərvərlik, cinayətkarlıqla mübarizə, dövlətçiliyin təbliği və hüquq-mühafizə orqanlarının gücünün mümayiş olunmasına dair film və seriallardır! Mən inanıram ki, bizim ölkəmizdə də bu cür layihələr olacaq və artacaqdır.

- “İfşa 1” serialının yayımlanması nə kimi effekt verdi?

- Bu cür layihələrə insanların böyük marağı var. Biz “İfşa 1” serialını çəkdikdən sonra insanların necə maraqla o seriala baxdıqlarının şahidi olduq. Əlbəttə ki, serialda xüsusi təyinatlı polis əməkdaşlarının çəkilməsi, DİN-ə aid xüsusi avtomobillərin serialda nümayiş olunması layihəyə bir gözəllik qatmışdı və insanların böyük marağına səbəb olmuşdu. Belə layihəyə verdiyi dəstəyə görə hər kəs sosial şəbəkələrdə DİN-ə təşəkkür edirdi. Eyni zamanda, ATV kanalına və rəhbərliyinə təşəkkür edib xoş sözlər yazırdılar. İnsanlar haqlı idilər, çünki digər kanallar “gəlin-qayınana” serialına dəstək olan zaman ATV bu cür maarifləndirici layihəyə dəstək oldu və Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyini qoruyan polisin fəaliyyətini özündə əks etdirən serialı maliyyələşdirdi, özü də pandemiya dövründə, baxın, bu cür addımlar, həqiqətən də alqışa layiqdir. Hesab edirəm ki, bütün özəl və dövlət kanalları bu cür addımlardan nümunə götürməlidir.

- Növbəti belə bir polis serialının çəkilişi nəzərdə tutulubmu?

- Hazırda “İfşa 2-çətin hədəf” layihəsi üzərində iş gedir, yaxın günlərdə ssenari tam hazır olacaq. Budəfəki serial 10 bölümdən ibarətdir. Həftədə bir dəfə yayımlanacaq. Əlbəttə ki, yenə də ATV kanalında nümayiş olunacaq. Noyabr ayının sonunda çəkilişlər başlayacaq, fevral ayından isə efirdə yayımlanacaq. Budəfəki bölümlərdə də Azərbaycan polisinin gücünü göstərməklə yanaşı, həm də gənclərimizin vətənpərvər böyüməsi üçün xüsusi mesajlar veriləcək, bununla bağlı layihənin ssenari qrupuna xüsusi tapşırıq da verilib.

Serialda xalq və əməkdar artistlərin iştirakı ilə peşəkar aktyorlar rol alacaq. Bilirsiniz ki, “İfşa 1”də Azərbaycanın dəyərli sənətçiləri rol almışdı. Bu, insanların böyük marağına səbəb olmuşdu. Eyni ilə bu layihədə də dəyərli aktyorlarımız yer alacaq. Televiziyaların reytinq cədvəlində “İfşa” serialı gözlədiyimizdən də daha yaxşı reytinq verdi və demək olar ki, insanların böyük əksəriyyətinin sevgisini qazandı!

DİN-in dəstəyi ilə yenə də Azərbaycan polisinin gücünü göstərmək üçün nazirliyin maddi-texniki bazasından yararlanacağıq. Bilirsiniz ki, “İfşa 1” serialında daxili işlər naziri cənab general-polkovnik Vilayət Eyvazovun göstərişi ilə çəkiliş üçün bizə lazım olan bütün imkanlar yaradılıb. Buna görə bütün komanda cənab nazirə öz təşəkkürünü bildirib. Serialın məsləhətçisi də daxili işlər nazirinin 1-ci müavini general-leytenant Seyfulla Əzimov idi. Gördüyünüz kimi, DİN-in rəhbərliyi bu cür maarifləndirici layihələrin çəkilməsinə dəstək olurlar, çünki gənclərimizin vətənpərvər ruhda böyüməsini, narkotikdən uzaq olmalarını istəyirlər, insan alverinin qurbanına çevrilmələrini istəmirlər! Hesab edirəm ki, bunu yalnız nazirlik və nazirliyin rəsmiləri deyil, bütöv cəmiyyətimiz, televiziyalarımız istəməlidir! Ona görə də bir olub həmrəylik nümayiş etdirməliyik! İmkan verməməliyik ki, gənclərimizi zəhərləsinlər. Onlara sahib çıxmalıyıq!

Ramiz Alıyev

Oxunma sayı: 1827

Oxşar yazılar