Rusiyadan "Bayraktar TB2" açıqlaması: "Qorxduğumuz başımıza gəldi..." (RƏSMİ)

  • 15:40 - 28 Oktyabr

Ukraynanın Türkiyədən aldığı "Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatlarının (PUA) ilk dəfə Donbasda rusiyapərəst separatçıları vurması Moskvada narahatlıqla qarşılanıb. 

Avropa.info xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov Donbasda Türkiyə istehsalı olan PUA-ların istifadəsi ilə bağlı açıqlama verib.

Rusiyanın narahatlığını dilə gətirən Peskov, PUA-ların münaqişə xəttində "sabitliyi poza" biləcəyinə dair qorxularının reallaşdığını bildirib.

Bu prosesin Ukrayna probleminin həllinə töhfə verməyəcəyini deyən Peskov, Türkiyə ilə münasibətləri ayrıca qiymətləndirməyin tərəfdarı olduğunu qeyd edib.

"Bizim Türkiyə ilə xüsusi və yaxşı münasibətlərimiz var", - deyə Peskov  bildirib. 

Məsələ ilə bağlı bir açıqlama da Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən edilib. "Bayraktar TB2"-nin Donbasda istifadə edildiyinə dair məlumatı təsdiqləməyə çalışdıqlarını bildirən Lavrov, NATO-ya mesaj göndərərək Ukraynadakı vəziyyəti hər kəsin düşünməsi lazım olduğunu vurğulayıb. 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı  ilk dəfə Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarəsindən istifadə etməsi ilə bağlı xəbəri təsdiqləmişdi.

Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilirdi ki, Donbasda ruspərəst separatçıların atəşini dayandırmaq üçün ilk dəfə "Bayraktar TB2"-lərdən istifadə edilib.  


"Dünən 26 oktyabr 2021-ci il tarixində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr Əməliyyatı bölgəsində "Bayraktar" kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları kompleksindən istifadə edilib.

Saat 14:25-dən 15:15-dək Rusiyayönümlü terror qüvvələrinə məxsus D-30 haubitsalarından ibarət batareya Qranitne qəsəbəsi ərazisində Birləşmiş Qüvvələrin mövqelərini atəşə tutub. Atışma zamanı Ukrayna Silahlı Qüvvələrinin iki hərbçisi yaralanıb, onlardan biri həlak olub. Atəşlərin başlaması ilə ATƏT dərhal atəşkəsə çağırıb və diplomatik kanallar vasitəsilə nota göndərib. Lakin işğalçılar heç bir reaksiya verməyib.

Düşməni atəşi dayandırmağa məcbur etmək üçün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə "Bayraktar"dan istifadə edilib. Pilotsuz uçuş aparatı təmas xəttini keçməyib və idarə olunan bomba ilə Rusiyayönümlü işğalçı qüvvələrin mövqeləri məhv edilib. Bundan sonra atəş dayanıb", - deyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda qeyd olunurdu

Ukraynalı jurnalistlər isə Donbasda "Bayraktar TB2" vasitəsi ilə bir top batareyasının məhv edildiyini bildirmişdilər.  

Avropa.info


Oxunma sayı: 7459

Oxşar yazılar