Çində minlərlə məscidin günbəz və minarələri sökülüb - FOTO

  • 16:53 - 28 Oktyabr

ABŞ-ın Milli İctimai Radiosunun (National Public Radio) internet səhifəsində Çin Xalq Respublikasında məscidlərin günbəz və minarələrinin sökülməsi mövzusunda reportaj dərc olunub.

Avropa.info-nun novator.az-a istinadən məlumatına görə, reportajda deyilir ki, doqquz ildir Çin Kommunist Partiyasına, Çin Xalq Respublikasına rəhbərlik edən Si Cinpinin hakimiyyəti dövründə ölkədə entik azlıqların “çinliləşdirilməsi” prosesi vüsət alıb.

Si Cinpin “çinliləşdirmə”yə ilk dəfə 2016-cı ildə çağırış edib və ötən müddətdə Çin hökuməti minlərlə məscidin günbəz və minarələrini sökdürüb.

Hökumət bunu xarici təsirin, daha dəqiqi, ərəb memarlığının, bir az da konkretləşdirsək, Səudiyyə ərəblərinin təsirini əngəlləmək cəhdi kimi qələmə verir. Lakin ABŞ Milli İctimai Radiosunun reportajında vurğulanır ki, bu, açıq-aşkar islam memarlığından imtina, ölkədəki müsəlmanları çinliləşdirmək cəhdidir. Məscidlərin quruluşunun dəyişdirilməsi kampaniyasının Çində islamofobiyanın, dini məhdudiyyətlərin gücləndiyi bir zamanda həyata keçirilməsi də buna sübutdur.

Reportajda deyilir ki, Çinin etnik azlıqlarla bağlı siyasəti Sovet İttifaqındakı siyasətə bənzəyir. Formal olaraq etnik qruplara kompakt yaşadıqları ərazilərdə mədəni muxtariyyət verilib, amma reallıqda assimilyasiya siyasəti yürüdülür. Si Cinpinin rəhbərliyi dövründə bu proses daha da aqressivləşib.

Reportajda bildirilir ki, ölkənin çoxmillətli Sinxay əyalətinin Sinin şəhərinin mərkəzində Dunquan məscidi yerləşir. Bu, əyalətdə ən böyük məsciddir. Dunquan məscidi ətrafındakı restoranlarda halal mal ətindən yeməklər hazırlanır. Kərpic tağların altında daima xurma və badamla dolu arabalar görmək mümkündür. Ancaq artıq burada məscidin yaşıl günbəzi və minarələri yoxdur. Hakimiyyət 2018-ci ildə “Səudiyyə-ərəb təsirini aradan qaldırmaq” devizi altında Çinin şimal-qərbindəki başqa məscidlər kimi Dunquan məscidinin də günbəz və minarələrini sökdürüb.

Məscidlərin quruluşunun dəyişdirilməsi kampaniyasına məhdud çərçivədə ictimai etirazlar olub. Sinin sakinlərinin dediyinə görə, Dunquan məscidinin rəhbərləri qısa müddətə saxlanılaraq günbəzin və minarələrin sökülməsi lehinə imza atmağa məcbur ediliblər.

Hazırda Sinin şəhərində mərmərdən tikilmiş başqa bir məscidin – Nanquan məscidinin də günbəzinin və minarələrinin sökülməsinə hazırlıq gedir.

Reportajda vurğulanır ki, əslində Çin hakimiyyəti daxilində məscidlərin quruluşunun dəyişdirilməsi kampaniyasına münasibət birmənalı deyil, bu məsələdə fikir ayrılıqları mövcuddur.

Yazıda xatırladılır ki, ötən əsrin doxsanıncı illərində Çin siyasi baxımdan açıq ölkə idi. Ondan əvvəlki dövrdə qapalı olmuş bu kommunist dövlətini beynəlmiləl bir məkana çevirmək məqsədilə doxsanıncı illərdə rəsmi Pekin Küveyt və Səudiyyə Ərəbistanı kimi ərəb ölkələrini Çindəki nəhəng infrastruktur layihələrə sərmayə qoymağa həvəsləndirirdi. Çinli müsəlman tələbələr Yaxın Şərqdə, xüsusilə Misirdə, Birləşmiş Ərəb Əmirliklərində və Səudiyyə Ərəbistanında təhsil almaq imkanı qazanmışdılar. O tələbələr Çinə islam memarlığı haqda yeni ideyalarla qayıtdılar. Onların səyi nəticəsində məscidlərin Çin üslubunda tikilimiş damları söküldü, klassik islam memarlığına uyğun günbəz və minarələr inşa olundu. İndi həmin günbəz və minarələr sökülür.

ABŞ Milli İctimai Radiosunun reportajında deyilir ki, Çin müsəlmanları belə dəyişikliklərə, mənəvi-mədəni təzyiqlərə bir növ vərdişkar olublar.

Sinin şəhərinin mərkəzindəki Dunquan məscidinin yaxınlığında ticarətlə məşğul olan Yusif adlı bir müsəlman sahibkar radioya açıqlamasında deyib: “Hər şey dövrdən asılı olaraq dəyişir. Mao Tszedunun (Çində kommunist rejiminin qurucusu) dövründə bütün məscidlərimiz söküldü. Sonra onları təzədən tikdilər. İndi yenə sökürlər. Ölkə hansı şüarı irəli sürürsə, ona da əməl etmək lazım gəlir, vəssalam”.

Dunquan məscidi bir əsrdən də az müddətdə üçüncü dəfə söküntüyə məruz qalır. Amma bu, Yusifi o qədər də narahat etmir: “Sadə insan üçün nə fərqi var məscid Çin üslubundadır, ya ərəb üslubunda. Bizim dinimiz binalarda deyil, qəlbimizdədir”.


Oxunma sayı: 2520

Oxşar yazılar