Çavuşoğlu ABŞ başda olmaqla 10 ölkə səfirinin necə geri addım atdıqlarının DETALLARINI AÇIQLADI : "Panikaya düşdülər, köməkçilərini ittiham etməyə başladılar..."

  • 12:38 - 28 Oktyabr

"Prezidentimiz onların deportasiyası ilə bağlı göstəriş verdi, biz hazırlığımızı gördük və hökumətin iclasında təqdim edəcəkdik, bu zaman səfirlər geri addım atdılar".

Avropa.info xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyəyə ultimatum ünvanlayan 10 ölkə səfirinin verdikləri bəyanatdan geri çəkilmələrindən danışarkən deyib. CNN Türk-ə danışan Çavuşoğlu ABŞ başda olmaqla 10 ölkə səfirinin necə geri çəkilmələrinin detallarından danışıb.

"10 səfirin verdiyi bəyanat qəbuledilməz idi. İnsanlar öz fikirlərini bildirə bilər, amma Vyana Konvensiyasına baxdıqda hər şey aydın görünür. 41-ci maddədə diplomatlara açıq şəkildə deyilir ki, siz vəzifədə olduğunuz ölkələrin daxili işlərinə müdaxilə edə bilməzsiniz. Mən dərhal əməkdaşlarımıza göstəriş verdim, hamısını çağırın hədlərini bildirin. 

Prezidentimizin tapşırığı ilə biz dərhal həmin şəxslərin deportasiyası üçün işlərə başladıq. Diplomatiyada bunun üsulları var, biz buna hazırlıq görməyə başladıq. Konvensiyanın 9-cu maddəsinə əsasən hətta heç bir səbəb göstərmədən də deportasiya etmək mümkündür.

Prezidentimizin çıxışından sonra panika başladı. Prezidentimizin Əskişəhərdə millətimizin duyğularını əks etdirən açıqlamasından sonra hazırlıqlarımızdan xəbərdar olanlar, çamadanlarını hazırlamağa başladılar. Bu bəyanatı verənlər bizim qətiyyətimizi görüb necə geri addım atacaqlarını düşünməyə başladılar. Xəbər aldıq, hətta bəzi səfirlər köməkçilərini ittiham edirmişlər. 

Bunun arxasında, pərdə arxasında kimin dayandığını öyrəndik. Gənc diplomatların başlatdığı prosesdə onlar bu hədsiz bəyanatı verdilər. Lakin sonra dərhal geri addımlar atıldı. İlk bəyanatı ABŞ verdi. ABŞ səfirliyi Ağ Evin təsdiqi olmadan belə bir bəyanat verə bilməzdi.

ABŞ səfiri Türkiyəyə ilk gələndə ona dedim ki, əgər probleminiz varsa, əlaqə kanallarımız açıqdır, mətbuat vasitəsilə bizə mesaj verə bilməzsiniz, özünüzü Türkiyənin valisi kimi apara bilməzsiniz. Hər kəs bu hadisədən dərs almalıdır, heç kimin Türkiyəyə dərs verməyə haqqı yoxdur.

Avropa.info


Oxunma sayı: 7206

Oxşar yazılar