Rəfail Becanov: “İran Ərdoğanın bu xəbərdarlığını ciddiyə almağa məhkumdur”

  • 20:49 - 27 Oktyabr

“Ərdoğan Azərbaycandan qayıdarkən İrana xəbərdarlıq etdi.

Türkiyə Prezidentinin "Arzumuz odur ki, İran da sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İran və Azərbaycan arasında heç bir problem olmaz" deməsi və arzu sözünü xüsusi qeyd etməsi İranı düz yola dəvət çağırışıdır”.

Avropa.info xəbər verir ki, bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, İranın Azərbaycana qarşı münasibətində tarixən sağlam düşüncə daşıyıcısı olmadığını hər kəs bilir:

“Birinci Qarabağ müharibəsində Ermənistana göstərdiyi yardımlar gizli yollarla edilsə də, Azərbaycanın dövlət rəsmilərinin əlində ciddi və tutarlı faktlar var idi. İkinci Qarabağ müharibəsi zamanı isə etdiklərini dövlət rəsmiləri ilə yanaşı, ictimaiyyət də gördü. Yayılan videolar, Güneydəki soydaşlarımızın Ermənistana daşınan hərbi yüklərə etirazı sosial şəbəkələrdə, mediada geniş yayıldı. İran hər zaman Azərbaycana bu qədər düşmən münasibət bəsləyib”.

Baş redaktorun fikrincə, Ərdoğanın bu mesajı Türkiyənin İrana son və qəti xəbərdarlığıdır:

“Çünki bu açıqlama sıradan bir açıqlama deyil. Hansısa ekspert, siyasətçi, hətta nazir fikri yox, İranın da daxil olduğu regionun siyasi düzənində xüsusi yeri olan və gərəkəndə o düzəni dəyişən bir dövlətin rəhbərinin mesajıdır. Ümid etmək olar ki, İran bu mesajdan nəticə çıxaracaq. Azərbaycana qarşı qərəzli münasibətindən və kinindən geri çəkiləcək.

Türkiyə beynəlxalq güclərin qarşısında İranı hər zaman dəstəkləyib və ən çətin zamanlarda belə onu qoruyub. Ərdoğanın təklif etdiyi və Azərbaycanın birmənalı olaraq dəstəklədiyi "3+3" formatı da İranın xeyrindəir. Hazırda İran sanksiyalar altında inləyir. İqtisadi və sosial böhran burulğaınıda daxili qarışıqlığını başlaması an məsələsidir. Bundan sonra da Qərbin İrandan əl çəkəcəyi gözlənilmir”.

R.Becanov deyib ki, Ərdoğanın təklifinə və xəbərdarlığına məhəl qoymasa, İran öz quyusunu daha da dərin qazdıracaq:

“İndi növbə İranındır. Sağlam düşüncə ilə hərəkət edəcəkmi? Hər halda İran rəsmiləri və rejimi yaxşı bilirlər ki, Azərbaycanla münasibətlərinin korlanması Türkiyə ilə münasibətlərinin də korlanmasıdır.

İran Ərdoğanın bu xəbərdarlığını ciddiyə almağa məhkumdur. Regionda Ermənistanın taleyini yaşamaq istəmirsə, Ərdoğanın bu mesajını layiqincə qiymətləndirmək və onun dediyi sağlam düşüncənin sahibi olmaqdan başqa çıxış yolu qalmır. Əks təqdirdə, regionun ikinci Ermənistanı olacaq”.


Oxunma sayı: 2091

Oxşar yazılar