Avropa Ədalət Məhkəməsi Polşanın gündəlik 1 milyon avro cərimə ödəməsi barədə qərar çıxarıb

  • 20:10 - 27 Oktyabr

Avropa Ədalət Məhkəməsi (Avropa İttifaqı Məhkəməsi) Polşa Ali Məhkəməsinin hakimlər üçün intizam palatası fəaliyyətini dayandırmadığı üçün bu ölkənin gündəlik 1 milyon avro cərimə ödəməsi barədə qərar çıxarıb.

Bu barədə Aİ Məhkəməsi bəyanat yayıb.

 

"Bu gün çıxarılan qərarda Tribunalın vitse-prezidenti Polşanı bu qərarın həmin ölkəyə çatdırıldığı tarixdən etibarən günə 1 milyon avro məbləğində cərimə ödəməsi barədə qərar verib", - deyə Avropa Ədalət Məhkəməsinin bəyanatında bildirilib.

Polşa Ali Məhkəmənin hakimlər üçün intizam palatası ləğv olunana qədər gündəlik 1 milyon avro cəriməni ödəməlidir.

Polşa ədliyyə nazirinin müavini Sebastian Kaleta isə bu qərarı tənqid edib.

"Aİ Məhkəməsi Polşa Konstitusiyasına və Konstitusiya Məhkəməsinin qərarlarına məhəl qoymur. O öz yurisdiksiyasından kənar fəaliyyət göstərir, pul cərimələri və müvəqqəti tədbirlərin tətbiqindən sui-istifadə edir", - deyə S. Kaleta "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Aİ və Polşa arasında məhkəmə islahatları ilə əlaqədar mübahisə gedir. Aİ Polşa hökumətinin islahatlarının məhkəmələrin müstəqilliyinə xələl gətirdiyini bəyan edir. Bu ilin iyul ayında Avropa Ədalət Məhkəməsinin Polşaya hakimlər üçün intizam palatasının fəaliyyətini dayandırmaq barədə xəbərdarlıq etməsi ilə mübahisə daha da qızışıb.(apa)


Oxunma sayı: 848

Oxşar yazılar