Türkiyə yeni diplomatik böhranın qarşısını aldı: Ərdoğanın həmləsi böhranı əngəllədi - BBC 10 ölkənin geri çəkilməsindən yazdı

  • 10:29 - 27 Oktyabr

Osman Kavalanın azad edilməsini tələb edərək Türkiyəyə əmr verməyə çalışan 10 səfir prezident Ərdoğanın “persona non qrata” çıxışından sonra geri addım atıb. Avropa.info xəbər verir ki, BBC bununla bağlı "Ərdoğan həmləsi ilə böhranın qarşısını aldı" başlıqlı məqalə dərc edib.

Son günlər 10 səfirlik Gəzi hadisələri və FETÖ-nün 15 iyul çevriliş cəhdi iddiasında mühakimə olunan iş adamı Osman Kavalaya çağırış edərək bir-bir geri addım atır.

Qalmaqallı Osman Kavala çağırışından sonra Xarici İşlər Nazirliyi sürətlə işə qarışaraq səfirləri nazirliyə çağırıb. Çağırışın Türkiyənin məhkəmə sisteminə və daxili işlərinə qarışdığı ifadə edilərək qınanıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Xarici işlər naziri Mövlud Çavuşoğluna "Onların persona-non-qrata elan edilməsi ilə ən qısa zamanda məşğul olacağını söylədim" sözləri ilə tapşırıq verdiyini açıqlayıb. Ərdoğan "Bura qəbilə dövləti deyil. Ya anlayacaqlar, ya da gedəcəklər" deyə bəyan etmişdi.

Əskişəhərdəki çıxışında səfirlərin bitib-tükənməyən zənglərinə cavab verən Ərdoğan, "Kavala dediyiniz Sorosun Türkiyə şöbəsidir. Onun üçün Xarici İşlər Nazirliyinə 10 səfir gəlir. Bu necə bir tərbiyəsizlikdir, siz buranı nə zənn edirsiniz? Bura Türkiyədir, Türkiyə. Ona nə edəcəyini söylədim. Dedim ki, onların persona non qrata elan etmələri ilə ən qısa zamanda məşğul olacaqsınız. Türkiyəni anlayacaqsınız, biləcəksiniz. Anlamadığınız gün gedəcəksiniz”, ifadələrindən istifadə edib.

Ərdoğanın bəyanatından sonra səfirliklərdən bir-birinin ardınca geri addımlar atılıb. 

ABŞ səfirliyinin bəyanatında deyilir: "Amerika Birləşmiş Ştatları 18 oktyabr tarixli açıqlama ilə bağlı bəzi sualların yönəldilməsi vəsiləsi ilə Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə əməl edəcəyini təsdiqləyir".

Hollandiya, Kanada, Yeni Zelandiya, Danimarka, Almaniya və Fransadan da oxşar bəyanatlar verilsə də, səfirliklərin reaksiyası İngiltərə mətbuatında geniş əks-səda doğurub. BBC Ərdoğanın çıxışının səfirliklərin geri çəkilməsində təsirli olduğunu vurğulayıb. 

“Prezident Rəcəb Tayyib Ərdoğan səfirləri persona-non-qrata elan edəcəyini elan etdikdən sonra Türkiyə ilə ABŞ da daxil olmaqla 10 Qərb ölkəsi arasında gərginlik azalıb”, - BBC yazır. 

Ərdoğanın onların deportasiyasını tələb etməsindən sonra məsələyə qarışan ölkələrin bəyanatlarını geri götürdüyünü vurğulayan BBC, Ərdoğanın bu addımının Qərb dövlətləri ilə yeni diplomatik böhranın qarşısını aldığını bildirib. 

Ərdoğanın məsləhətçisinin məsələ ilə bağlı açıqlama verdiyini açıqlayan BBC Ərdoğanın bu geri addımı alqışladığını və problemin demək olar ki, həll olunduğunu bildirib.


Oxunma sayı: 2839

Oxşar yazılar